30 mart 2007

Mehriban Əliyeva Polşa Prezidentinin xanımı Mariya Kaçinska ilə görüşüb

Polşa Prezidentinin xanımı Mariya Kaçinska martın 30-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Polşa Prezidentinin xanımını səmimiyyətlə qarşıladı.

 

Söhbət zamanı Mehriban xanım Əliyeva xanım Kaçinskaya 2004-cü ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond haqqında məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Eyni zamanda, son iki ildə respublikanın bütün regionlarında Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fondun son layihəsi olan "Hərəmiz bir ağac əkək!" çağırışı bütün ölkədə geniş əks-səda doğurmuş, qısa müddətdə 100 mindən çox ağac əkilmişdir. Elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair də bir neçə layihə həyata keçirilmişdir. 29 uşaq evi və internat məktəbi yenidən qurularaq təzə, müasir avadanlıqla təchiz olunmuşdur.

 

Mehriban xanım Fondun dünyanın bir çox beynəlxalq qurumları, ictimai, qeyri-hökumət təşkilatları ilə də sıx əlaqə yaratdığını vurğuladı.

 

Xanım Mariya Kaçinska Azərbaycanın birinci xanımının və onun rəhbərlik etdiyi Fondun genişmiqyaslı fəaliyyətini yüksək dəyərləndirdi, bu nəcib işdə yeni uğurlar arzuladı.