1.JPG
8 iyun 2007

Mehriban Əliyeva Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe ilə görüşüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 8-də Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe ilə görüşmüşdür.

 

Səfiri və xanımını səmimiyyətlə salamlayan Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, 2004-cü ildən fəaliyyət göstərən Fondun layihəsi ilə son iki ildə respublikanın bütün regionlarında, o cümlədən ən ucqar kəndlərdə 180 müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Daha 50 məktəbin tikintisi davam edir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulmuşdur.

 

Fondun fəaliyyətinə həsr edilmiş və yenicə çapdan çıxmış kitabı səfirə təqdim edən Mehriban xanım, burada Fondun fəaliyyətinin geniş əks olunduğunu söylədi.

 

Səfir Tadahiro Abe Yaponiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu şərəfli missiyanın davam etməsinə bütün mümkün vasitələrlə kömək göstərəcəyini vurğuladı. Diplomat Mehriban xanımın istər ölkə daxilində, istərsə də beynəlxalq qurumlarda dəyərli fəaliyyətini yüksək qiymətləndirdi, Yaponiyanın bir sıra ictimai təşkilatlarının Fondla əməkdaşlıq etmək istədiyini bildirdi.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində işgüzar fikir mübadiləsi edildi.


FOTO