1.jpg
17 may 2007

Mehriban Əliyeva Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çanla görüşüb

Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mayın 17-də Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanla görüşmüşdür.

 

Görüş zamanı Mehriban xanım Əliyeva Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, bir çox layihələrin həyata keçirilməsində DST-nin köməyini xüsusi vurğulamış, quş qripi ilə mübarizədə və digər proqramların həyata keçirilməsində sıx əməkdaşlıq yarandığını bildirmişdir.

 

Azərbaycana səfərini xatırlayan Marqaret Çan ölkəmizdə səhiyyə sahəsində görülən işləri yüksək qiymətləndirmiş, bundan sonra da Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın davam edəcəyini söyləmişdir. Baş direktor Mehriban xanım Əliyevanın təhsil və mədəniyyət sahələri ilə yanaşı səhiyyə sahəsində də xidmətlərini yüksək qiymətləndirmişdir.

 

Mehriban xanım Əliyeva DST-nin baş direktoru Marqaret Çanı ölkəmizə səfərə dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur.

 

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev görüşdə iştirak etmişdir.


FOTO