2.jpg
8 iyun 2007

Mehriban Əliyeva Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 8-də Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşüb.

 

Azərbaycanın birinci xanımı səfiri yeni təyinatı münasibətilə təbrik etdi, fəaliyyətində uğurlar arzuladı.

 

Mehriban xanım Əliyeva səfirə Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə kitabı və görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Türkiyədə çapdan çıxmış dörd kitabını hədiyyə etdi.

 

Səfir Azərbaycanın birinci xanımının fəaliyyətinə Türkiyədə həmişə yüksək diqqət verildiyini, mətbuatda da dəfələrlə xüsusi yazılar dərc edildiyini bildirdi. Ölkəmizin bütün sahələrdə inkişafının Türkiyədə qürurla izləndiyini deyən səfir, öz fəaliyyətində ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyi xalqlarımızın və ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına çalışacağını söylədi.

 

Mehriban xanımın səfirliyin təzə binasındakı şərait barədə sualına cavab verən səfir, burada ən müasir tələblərə uyğun şərait yaradıldığını, heç bir problemin olmadığını bildirdi, eyni zamanda binanın açılış mərasimində Azərbaycan Prezidenti ilə birlikdə iştirakına görə Mehriban xanıma təşəkkür etdi.

 

Hüseyn Avni Qarslıoğlu dünya şöhrətli liderin adını daşıyan Fondda səmimi görüşə görə Mehriban xanıma minnətdarlığını bildirdi.


FOTO