001.JPG
10 iyul 2012

Xalq Artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüş

İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Xalq Artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşüb.


Mehriban Əliyeva Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək dedi: “Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir”.


Mehriban Əliyeva 57-ci “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğuladı. Birinci xanım qeyd etdi ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olub. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu vurğuladı. Fondun prezidenti Azərbaycanın “Eurovision” müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırdı.


Xalq Artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını dedi.


Sonda xatirə şəkli çəkdirildi.


FOTO