001.jpg
14 dekabr 2007

Mehriban Əliyeva BMT-nin baş katibinin xüsusi məsləhətçisi Nafis Sadiq ilə görüşüb

Dekabrın 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva BMT baş katibinin xüsusi məsləhətçisi, təşkilatın Asiya və Sakit okean regionunda HIV/AIDS üzrə baş katibi Nafis Sadiq ilə görüşmüşdür.

 

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında məlumat verən Mehriban xanım Əliyeva demişdir ki, 2004-cü ilin mayında yaranmış Fond təhsil, səhiyyə, idman və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir, bir sıra iri təşkilatlarla sıx əməkdaşlıq edir. Fond səhiyyə sahəsində keçirilən layihələrə xüsusi önəm verir.

 

Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı çərçivəsində zəif görən insanların informasiya texnologiyalarına çıxışı layihəsini həyata keçirir. Bu layihə çərçivəsində xüsusi mərkəzin inşa olunduğunu bildirən Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun HIV/AIDS-ə qarşı mübarizədə də geniş fəaliyyət göstərməyə hazır olduğunu vurğulamışdır.

 

AIDS-in bütün dünyanı narahat edən başlıca problemlərdən biri olduğunu deyən Nafis Sadiq bu bəlaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətinin vacibliyini bildirmişdir. O, dünyanı bürüməkdə olan xəstəliyə qarşı mübarizədə əhalinin geniş təbəqələri arasında maarifləndirmənin əhəmiyyətini vurğulamışdır.

 

Xatırladaq ki, Nafis Sadiq dekabrın 15-də Bakıda keçiriləcək “Gənclər AIDS-ə qarşı” mövzusunda konfransda iştirak edəcəkdir.  


FOTO