002.jpg
25 aprel 2006

Mehriban Əliyeva Dünya Səhiyyə Təşkilatının baş direktoru Li Yonq Vuk ilə görüşüb

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva aprelin 25-də Bakıda səfərdə olan Dünya Səhiyyə Təşkilatının baş direktoru Li Yonq Vuk ilə görüşmüşdür.


Hörmətli qonaq və onu müşayiət edən şəxslər əvvəlcə Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri onlarda böyük maraq doğurdu. Ümummlli liderin sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın elmi-praktik fəaliyyəti, Heydər Əliyevin keçmiş SSRİ hökumətində yüksək vəzifədə olarkən sovet səhiyyəsinin kuratoru kimi, dünyanın ən böyük ölkəsində tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, infrastrukturun genişləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması sahəsində gördüyü işlər barədə verilən məlumat xüsusi maraqla qarşılandı.


Cənab Li Yonq Vuk Fondun fəaliyyətini yüksək qiymətləndirdi və Xatirə kitabına ürək sözlərini yazdı.


Sonra DST-nin baş direktoru ilə görüş oldu. Mehriban xanım Əliyeva cənab Li Yonq Vuku Bakıda və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnunluğunu söylədi.


2004-cü ildən fəaliyyət göstərən Fondun ölkəmizdə təhsil, mədəniyyət sahəsində bir sıra layihələr həyata keçirdiyini bildirən Mehriban xanım Əliyeva dedi ki, səhiyyə sahəsindəki problemlərə xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən ilk tədbirlərdən biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltdik, Beynəlxalq Diabet Federasiyasının bu işdə iştirakı fəallaşdı. Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatındakı çətinliklərin bir çoxu aradan qaldırıldı.


Mehriban xanım dedi ki, səhiyyə sahəsində Fondun həyata keçirdiyi digər layihə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir. Talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları ilə bağlı müvafiq informasiya toplandıqdan sonra 2005-ci ilin fevralında "Talassemiyasız həyat naminə" mövzusunda keçirilən dəyirmi masada ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuş, müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır.


Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması ücün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də daim diqqət yetirilir. Talassemiya ilə mübarizədə İtaliya, Türkiyə, Yunanıstan və İsrailin təcrübəsi öyrənilir. Bir neçə ölkənin talassemiya sahəsində tanınmış mütəxəssislərinin Azərbaycana səfərləri təşkil edilmiş və müzakirələr aparılmışdır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanması üçün başqa ölkələrlə mütəxəssis mübadiləsinin təşkili də nəzərdə tutulur.


Mehriban xanım ölkəmizdə bu xəstəliyin vaxtında aşkar edilməsi üçün lazımi müasir avadanlığın olmadığını bildirərək, bu və digər sahələrdə Dünya Səhiyyə Təşkilatının köməyinə ehtiyac olduğunu vurğuladı. DST kimi mötəbər qurumun rəhbərinin Azərbaycana səfərinin ölkəmizdə səhiyyənin inkişafına müsbət təsir göstərəcəyinə inandığını bildirdi.


DST-nin baş direktoru Li Yonq Vuk Fondla tanışlıqdan, bu qurumun səhiyyə və digər sahələrdə gördüyü xeyirxah işlərdən razı qaldığını bildirdi, Fondun prezidentinin bu sahədə təşəbbüslərini və konkret fəaliyyətini yüksək qiymətləndirdi. Ölkəmizə ilk səfərinin, Azərbaycan Prezidenti və onun xanımı ilə görüşlərin onda xoş təəssürat yaratdığını vurğuladı. Cənab Li Yonq Vuk rəhbərlik etdiyi təşkilatın Fondla əməkdaşlığa hazır olduğunu, səmərəli əlaqə qurulacağına əminliyini söylədi, qaldırılan məsələlərin bir çoxunun həllinə kömək edəcəyini bildirdi.


Mehriban xanım Əliyeva qonaqlara Fondun layihəsi olan "Qarabağ xanəndələri" musiqi albomunu və xatirə hədiyyələri təqdim etdi.


FOTO