Ölkəmizdə səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, onun müavini Aleksandr Filatov, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və konsernin bir qrup nümayəndəsi iyunun 2-də Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlar əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Onlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.
Ziyarətçilər dahi şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.
T.Anodina Fondun Xatirə kitabına ürək sözlərini yazdı, sonra qonaqlar xatirə şəkilləri çəkdirdilər, Fondun vəsaiti ilə buraxılmış kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına baxdılar.
Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina ilə görüşdü. Mehriban xanım qonağı səmimiyyətlə salamladı, onu ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən şad olduğunu söylədi. O, Heydər Əliyev Fondunun müxtəlif yönümlü proqramları haqqında məlumat verdi, əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri tərəfindən yaradılmış azərbaycançılıq ideologiyasının təbliği və gələcək nəsillərə çatdırılması olan Fondun, qayğıya və köməyə ehtiyacı olanların problemlərinin həlli, uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara, qaçqın və məcburi köçkünlərə yardım, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində gördüyü işlərdən danışdı.
T.Anodina səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanda gedən nəhəng quruculuq işlərinin miqyasına heyran qaldığını, Heydər Əliyev Fondunun onda zəngin təəssürat doğurduğunu söylədi. Qonaq hələ 1991-ci ildə Dövlətlərarası Aviasiya Komitəsinin yaradılmasında Heydər Əliyevin xüsusi rolunu vurğuladı. Moskvada ali vəzifədə işləyərkən nəqliyyat sektoruna rəhbərlik etmiş Heydər Əliyevin bu sahədə də peşəkar olduğunu, daim dəyərli məsləhətləri ilə düzgün yol göstərdiyini, hava məkanında təhlükəsizlik problemlərinin həlli üçün vahid əlaqələndirici regional təşkilatın yaradılmasının zəruriliyini müdrikcəsinə tövsiyə etdiyini diqqətə çatdırdı.
T.Anodina Mehriban xanıma xeyirxah fəaliyyətində uğurlar arzuladı və Heydər Əliyev Fonduna hədiyyələrini təqdim etdi. Qonağa Heydər Əliyev Fondu adından hədiyyələr verildi.