002.jpg
26 may 2006

Mehriban Əliyeva BMT-nin Qadınlar üçün inkişaf fondunun (UNIFEM) icraçı direktoru xanım Noelin Heyzer ilə görüşüb

Ölkəmizdə səfərdə olan BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) icraçı direktoru xanım Noelin Heyzer mayın 26-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.

 

N.Heyzer fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdı.

 

Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə görüş oldu.

 

Mehriban xanım Əliyeva Noelin Heyzeri müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun olduğunu söylədi, Fond haqqında qısa məlumat verdi. Bildirdi ki, 2004-cü ilin mayında fəaliyyətə başlamış Fondun əsas məqsədi dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsini öyrənib, gələcək nəsillərə çatdırmaqdan ibarət olsa da, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirir, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verir. Ötən il Fondun təşəbbüsü və layihəsi ilə 132 məktəb tikilib istifadəyə verilmişdir. Fond ölkədə mövcud olan uşaq evlərinin və internat məktəblərinin hamısını daim diqqətdə saxlayır və mütəmadi olaraq, təmir işlərinin aparılmasını təşkil edir.

 

Səhiyyə sahəsindəki layihələrə toxunan Mehriban xanım, talassemiyalı və diabetli uşaqlara qayğı və köməyin Fondun prioritet vəzifələrindən biri olduğunu söylədi, ölkəmizdə müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin inşa ediləcəyini bildirdi.

 

Mehriban xanım dedi ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın, xüsusən də bu ailələrdən olan uşaqların təhsili ilə bağlı məsələləri və qadınların problemlərini həll etməyə çalışırıq.

 

Nüfuzlu beynəlxalq qurumlarla, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da çox böyük əhəmiyyət verildiyini vurğulayan Mehriban xanım, Fondun ötən ildən BMT ilə birgə böyük bir proqramın icrasına başladığını diqqətə çatdırdı. Bu proqram kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsinə imkan yaradacaqdır.

 

YUNİFEM-in icraçı direktoru xanım Noelin Heyzer vaxt tapıb onunla görüşdüyünə görə Mehriban xanıma təşəkkür edərək dedi ki, sizin gördüyünüz işlər barədə ölkənizə gəlməzdən əvvəl də məlumatım var idi. N.Heyzer Fondun prezidentinin bu sahədə təşəbbüslərini və konkret fəaliyyətini yüksək qiymətləndirdi.

 

Qonaq, dünyada ən böyük iqtisadi artımın müşahidə edildiyi Azərbaycanda əldə olunan gəlirlərin insanların rifahına yönəldilməsini və bu işdə Mehriban xanımın rolunu xüsusi vurğuladı.

 

Xanım Noelin Heyzer MDB ölkələri arasında ilk dəfə respublikamıza səfər etdiyini bildirdi.

 

Mehriban xanım qonağa Fondun layihəsi olan kitab, albom, audio-video disklərdən ibarət hədiyyələr bağışladı.


FOTO