2.jpg
15 sentyabr 2006

Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarının bir qrupu Heydər Əliyev Fondunda olublar

Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarından böyük bir qrupu sentyabrın 15-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara məlumat verildi ki, Fond 2004-cü il mayın 10-da - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü fəaliyyətə başlamışdır. Görkəmli siyasi xadimin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun əsas məqsədləri Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan ibarətdir. Fond dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsinə kömək etməyi, ölkənin sosial problemlərinin həllini dəstəkləməyi, konkret insanlara qayğını da prioritet vəzifələrindən sayır. Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliğində də qurumun dəyərli, səmərəli köməyi var.

 

Fondun ekspozisiyalarına maraqla baxan qonaqların məşhur dövlət xadiminin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotolara dair xeyli sualları cavablandırıldı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə də tanış oldular. Xüsusilə Moskvada keçmiş SSRİ hökumətinin rəhbərlərindən biri kimi onun çoxşahəli fəaliyyətini əks etdirən sənədlər qonaqlarda xoş təəssürat yaratdı. Onlar Azərbaycanın, eləcə də dünyanın müxtəlif ölkələrinin tanınmış elm, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlərdə, müxtəlif tədbirlərdə çəkilmiş şəkillərə də böyük maraqla baxdılar.

 

Sonra qonaqlar kinosalonda Heydər Əliyev Fondunun fəaliyyətinə, həyata keçirdiyi layihələrə, beynəlxalq əlaqələrinə dair sənədli filmə tamaşa etdilər.

 

Festival iştirakçıları ilə görüş çay süfrəsi arxasında davam etdirildi. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qonaqları Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən Birinci beynəlxalq rus kitabı festivalı münasibətilə təbrik edərək dedi: İlk belə festivalın məhz Bakıda keçirilməsi tamamilə qanunauyğundur. Siz yəqin bilirsiniz ki, Azərbaycanda rus ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə həmişə ehtiramla yanaşmışlar. Lakin tariximizin müəyyən dövründə - ölkələrimizin müstəqilliyə qovuşduğu dövrdə yəqin ki, obyektiv səbəblərə görə biz "mədəni qıtlıq" hiss etdik. Biz bu gün də mədəni dialoqun zəruriliyinə, ünsiyyətə, qonşuların və dostların mədəniyyəti ilə tanış olmağa ikiqat ehtiyac duyuruq.

 

Bu baxımdan bizim çox yaxşı ənənələrimiz var və çox xoşdur ki, onlar davam və inkişaf edir.

 

Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, müstəqillik əldə olunduqdan sonra burada heç bir rusdilli məktəb bağlanmadı, bu məktəblərin hamısı fəaliyyətini davam etdirir. Azərbaycan və bakılılar dünya mədəniyyətinin bir hissəsi olan rus mədəniyyətinə həmişə məhəbbət və hörmətlə yanaşmışlar. Ölkənin paytaxtında Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

 

Mehriban xanım Əliyeva başçılıq etdiyi Fondun fəaliyyətindən danışaraq bildirdi ki, o, 2004-cü ilin mayında, Heydər Əliyevin doğum günü açılmışdır. Fondun fəaliyyət sahəsi çox genişdir. Humanitar proqramlar, yəni təhsil, səhiyyə, sosial məsələlər, cəmiyyətin ən aztəminatlı təbəqələrinə, qaçqın-köçkünlərə, - onlar Azərbaycanda təxminən bir milyon nəfərdir, - yardım öncül istiqamətlərdir.

 

Təhsil sahəsinə xüsusi diqqət yetirilir. Çox böyük layihələr həyata keçirilir, iki il əvvəl yeni məktəblərin tikintisi layihəsinə başlanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə 2004-cü ilin mayından bu günədək 260 yeni məktəb tikilmişdir. Onların əksəriyyəti dağlıq, gediş-gəliş çətin olan rayonlarda inşa edilmişdir. Bu proqram davam etdirilir və yaxın illərdə daha 500 məktəb tikmək planlaşdırılır.

 

Fondun keçirdiyi tədbirlər ölkədə geniş dəstəklənir.

 

Heydər Əliyev Fondunun prezidenti festivalın yüksək səviyyədə keçdiyinə əminliyini bildirərək dedi ki, ona maraq olduqca böyükdür, paytaxtın bir çox vətəndaşları festivalın tədbirlərində iştiraklarına kömək göstərmək xahişi ilə müraciət etmişlər.

 

Görüşdə görkəmli yazıçılar, ictimai xadimlər Çingiz Aytmatov, Oljas Süleymenov, Tatyana Ustinova, Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri Mixail Seslavinski, "Rus Klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının prezidenti Nikolay Sventitski, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko və başqaları çıxış edərək bildirdilər ki, bu festival dövlətlərimizin həyatında çox böyük hadisədir. Bu, təkcə ədəbi hadisə, humanitar münasibətlər sahəsində hadisə deyil, həm də xalqlarımızın düzgün yolla, müstəqil və çox gözəl yolla getmələrinin daha bir sübutudur.

 

Qonaqlar qeyd etdilər ki, onlar Azərbaycanda sovet və müasir rus ədəbiyyatının, klassik rus ədəbiyyatının necə sevildiyinin və oxunduğunun şahidi oldular. Tədbirlər zamanı paytaxt vətəndaşları ilə görüş və söhbətlərinin necə səmimilik və mehribanlıq şəraitində keçməsindən yaxşı mənada təəccüb qalmışlar.

 

Festivalın birinci günü çox tədbirlər keçirilmişdir. Sentyabrın 16-da iştirakçılar üç rayonda olacaq, öz oxucuları ilə görüşəcəklər.

 

Qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən danışaraq, Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirdilər. Bildirdilər ki, indi dünyada fondlar çoxdur. Lakin Heydər Əliyev Fondunun fərqləndirici xüsusiyyəti bundadır ki, o, fəaliyyətin müxtəlif istiqamətlərini özündə birləşdirmişdir - bunlar mədəniyyət və tarix, təhsil və səhiyyə, bir çox digər humanitar məsələlərdir.

 

Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, bu qurumun planlarına ölkədə kitab mağazalarının geniş bir şəbəkəsini yaratmaq da daxildir.

 

Görüşdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqlara dövlət başçısı İlham Əliyevin incəsənət xadimlərinə böyük diqqət yetirdiyindən danışdı.

 

Sonra görüş iştirakçılarına Fondun xatirə hədiyyələri təqdim olundu.

 

Festival iştirakçıları adından Fonda hədiyyə nəşrləri, görkəmli siyasi xadim Heydər Əliyevin tarixi fotoşəkilləri təqdim edildi.

 

Görüşdən sonra qonaqlar Heydər Əliyev Fondunun buraxdığı kitablar, albomlar, audio və video məhsulla tanış oldular.


FOTO