03.gif
23 may 2013

Fransa Milli Assambleyasında və Senatında görüşlər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərliyi altında deputatlardan ibarət nümayəndə heyəti Parisdə səfərdədir.

 

Mayın 21-də Mehriban Əliyeva Fransa Milli Asambleyasında olub.

 

Mehriban Əliyevanı Fransa Milli Assambleyasının sədri Klod Bartolone qarşıladı.

 

Klod Bartolone Mehriban Əliyeva ilə görüşdən məmnun olduğunu, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayacağını bildirdi. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Klod Bartolone Bakıda Fransız liseyinin tikilməsində Mehriban Əliyevanın xidmətlərini vurğuladı.

 

Mehriban Əliyeva ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirdi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun nəticələri barədə danışdı.

 

Fransada ölkəmizlə bağlı mədəniyyət tədbirlərinin keçirildiyini xatırladan Mehriban Əliyeva Heydər Əliyev Fondunun bu layihələri davam etdirdiyini qeyd etdi.

 

Sonra Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşdü.

 

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, o cümlədən işçi qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.

 

Həmin gün Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan tərəfindən Fransa heyətinin şərəfinə şam yeməyi verildi.

 

X X X

 

Mayın 23-də Mehriban Əliyeva Milli Assambleyanın Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Daniel Orua Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirdi. O, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirdi.

 

Mehriban Əliyeva isə Avropa strukturları ilə əməkdaşlığın ölkəmizin xarici siyasətində mühüm yer tutduğunu vurğuladı. Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında və enerji layihələrində fəal iştirak etdiyini diqqətə çatdıran Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı.

 

Görüşdə digər məsələlərə dair də fikir mübadiləsi aparıldı.

 

X X X

 

Mayın 23-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon tərəfindən Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar verilib.


Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Ambruaz Düpon dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğuladı. O, Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirləri yüksək qiymətləndirdi.


Mehriban Əliyeva da ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın inkişafı baxımından bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi, Fransada Azərbaycan mədəniyyətini tərənnüm edən layihələrin bundan sonra da həyata keçiriləcəyini söylədi.


X X X


Mehriban Əliyeva mayın 23-də Fransa Senatının sədri Jan-Piyer Bel ilə də görüşüb.

 

Jan-Piyer Bel Mehriban Əliyevanın Fransa-Azərbaycan münasibətlərinin inkişafındakı müstəsna rolunu qeyd etdi. Onu Fransanın həqiqi dostu adlandıran Jan-Piyer Bel Fransa mədəniyyətinin Azərbaycandakı təbliğinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Fransa senatının sədri ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişaf etdiyini vurğuladı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında parlament diplomatiyasının önəmini vurğuladı.

 

Mehriban Əliyeva Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylərini yüksək qiymətləndirdi.

 

Parlamentlərarası əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini dilə gətirən Mehriban Əliyeva Fransa Senatında ölkəmizin dostlarının sayının artacağına inandığını qeyd etdi.

 

X X X

 

Mehriban Əliyeva mayın 23-də Fransanın Frankafoniya məsələləri üzrə naziri, Fransa prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə görüşüb.

 

Yamina Benqiqi Fransa hakimiyyətinin Mehriban Əliyevanı ölkənin dostu kimi tanıdığını, onun Azərbaycan mədəniyyətinin dünyada və Fransada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirləri alqışladığını bildirdi. Bu baxımdan son bir neçə ayda Parisdə və ölkənin ayrı-ayrı regionlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin uğurlu olduğunu deyən Yamina Benqiqi Fransa mədəniyyətinin və dilinin Azərbaycanda təbliğinə, o cümlədən Bakıda fransız liseyinin yaradılmasına verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

 

Mehriban Əliyeva Fransanın Azərbaycan üçün önəmli tərəfdaş olduğunu, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğuladı, Azərbaycanın Fransada tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bundan sonra da davam etdiriləcəyini bildirdi, Bakıda fransız liseyinin tikilməsi ilə bağlı layihənin uğurla başa çatdırılacağına əminliyini ifadə etdi.

 

Günün sonunda Yamina Benqiqinin adından Mehriban Əliyevanın şərəfinə şam yeməyi verildi.


FOTO