09.JPG
2 iyun 2014

Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb.

 

Kardinal Vatikan ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə və Müqəddəs Roma katakombalarının bərpasına görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib.

 

Vatikanda olmaqdan məmnunluğunu ifadə edən Mehriban Əliyeva səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşün dövlətlərarası münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını kardinala çatdırıb, onu yenidən Bakıya səfərə dəvət edib.

 

Birgə layihələrin uğurla reallaşdırıldığını bildirən Mehriban Əliyeva ümumilikdə Fondun dünyanın müxtəlif ölkələrində ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpası işinə töhfələr verdiyini xatırladıb. Birinci xanım Müqəddəs Roma katakombalarının bərpası ilə yanaşı, digər layihələrin də həyata keçirilə biləcəyini söyləyib, bu istiqamətdə Vatikan ilə əməkdaşlığın davam edəcəyini vurğulayıb.

 

Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı aparılan işlərin birinci mərhələsi haqda məlumat verilib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.


FOTO

VİDEO