002.jpg
10 fevral 2015

Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədov ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 10-da Xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb.


Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.


Mehriban Əliyeva bildirib ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.


Mehriban Əliyeva Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.


Əlibaba Məmmədov isə ona göstərilən diqqət və qayğıya görə birinci xanıma minnətdarlığını bildirib, Mehriban Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlərin görüldüyünü söyləyib.


FOTO

VİDEO