004.jpg
25 may 2015

FAO-nun baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş

Mayın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Mehriban Əliyeva Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uzun illərdir ki, uğurlu əməkdaşlığın qurulduğunu, bu səfərin əlaqələri daha da möhkəmləndirəcəyini deyib. Heydər Əliyev Fondunun fəaliyyətində humanitar sahənin prioritet olduğunu bildirən Mehriban Əliyeva birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıb. Birinci xanım Azərbaycanda ərzaq təhlükəsizliyinə böyük diqqətlə yanaşıldığını, bu sahədə bir sıra proqramların reallaşdırıldığını söyləyib, bu işdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb.


Jose Qratsiano Da Silva isə rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, təşkilatın aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi vəzifələri qarşısına məqsəd qoyduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinin bu məqsədlərə nail olunmasına töhfə verdiyini söyləyən qonaq Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görüldüyünü bildirib, diplomu Mehriban Əliyevaya təqdim edib. Jose Qratsiano Da Silva Leyla Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirib.


FOTO

VİDEO