1455885449970122404_1000x669.jpg
19 fevral 2016

Fransa Senatının üzvləri ilə görüş

Fevralın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyi bildirilib. Qeyd edilib ki, əməkdaşlığın yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin Azərbaycanın Fransadakı dostlarının və Fransa-Azərbaycan dostluq qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.

 

“Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb”, - deyən Mehriban Əliyeva ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransa Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırıb.

 

Fransada Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğu, bu il də belə tədbirlərin keçiriləcəyi bildirilib və bütün bunların ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyi vurğulanıb. Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən Mehriban Əliyeva səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini deyib. Azərbaycanın 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllinə çalışdığı diqqətə çatdırılıb və danışıqların heç bir nəticə vermədiyi təəssüflə vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək qiymətləndirir.


“Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik”, - deyən Mehriban Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsindən danışıb və vurğulayıb ki, onların əsas məqsədi Azərbaycan haqqında yalan informasiya yaymaqdır. Dostluq qrupunun məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir. Mehriban Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının üzvlərinə təşəkkürünü bildirib.


Fransa Senatının üzvü Jan Mari-Bokel Mehriban Əliyevanın iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində rolunu yüksək qiymətləndirib.

 

Görüşdə xatirə şəkli çəkdirilib.


FOTO