Martın
10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Mehriban Əliyeva Azərbaycan ilə İran arasında uğurlu əməkdaşlıqdan danışaraq, siyasi sahədəki münasibətlərin hər iki ölkənin inkişafına xidmət etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin mövcud əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb. Gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Heydər Əliyev Fondunun ölkələr arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edən Mehriban Əliyeva qurumun humanitar əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Gələcəkdə iki ölkə arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Səfir Möhsün Pakayin iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyib. O, ölkələrimiz arasında tarixi və mədəni bağlılıqdan danışıb. Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu qeyd edən səfir Fondun gördüyü işləri yüksək qiymətləndirib.