006.jpg
20 iyun 2016

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

İyunun 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurla keçdiyinə əmin olduğunu söyləyib. “Şadam ki, Azərbaycanda ilk dəfə keçirilən Formula-1 yarışını siz də izlədiniz”, - deyən Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin sayının artdığına görə Jan Fransua Manselə xüsusi minnətdarlığını ifadə edib. Fransadan gələn nümayəndə heyətinin tərkibində ölkəmizə ilk dəfədir ki, səfər edənlərin olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bu şəxslərin Azərbaycan reallıqları ilə yaxından tanış olub Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə səylər göstərəcəklərinə ümidvar olduğunu bildirib. Mehriban Əliyeva ölkələrimiz arasında bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm parlamentlər arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu əlaqələrin daha da möhkəmlənməsi üçün müxtəlif tədbirlər görüldüyünü deyib. Humanitar sahədəki əlaqələrə də toxunulub və bir ildən artıqdır ki, ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyi, bu il Azərbaycan–Fransız Universitetinin açılışının nəzərdə tutulduğu qonaqların diqqətinə çatdırılıb. “Əminəm ki, humanitar sahədə birgə səylərimiz insanlarımızın bir-birini daha yaxından tanımasına imkan verəcək”, - deyən Mehriban Əliyeva bu səfərin xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması işinə xidmət edəcəyini bildirib.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel başçılıq etdiyi nümayəndə heyəti adından görüşə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib, nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söyləyib. Formula-1 Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyi vurğulanıb, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğu qeyd edilib.

 

Görüşdə Mehriban Əliyevaya Fransa Milli Assambleyası adından xatirə hədiyyəsi təqdim edilib.


FOTO

VİDEO