Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışılıb, bir neçə gündən sonra Roma Papası Fransiskin Azərbaycana səfər edəcəyi bildirilib. Ölkəmizdə qeyd edilən bayramlarda bütün dinlərin nümayəndələrinin birgə iştirak etdikləri və bunun dünyadakı bəzi stereotiplərin qarşısını almaq üçün cəmiyyətə bir mesaj olduğu vurğulanıb. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Qonaqlar bu dəstəyə görə təşəkkürlərini bildirərək, belə layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildiriblər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər.
Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulayıb.