Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirib. Fransa Milli Assambleyasının deputatlarının son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən iki mühüm hadisədə - V Bakı Beynəlxalq Humanitar Forumunda və Roma Papası Fransiskin ölkəmizə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiklərini məmnunluqla qeyd edib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edib, onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirib. Vurğulanıb ki, Assosiasiya üzvlərinin sayı getdikcə artır və bu Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Qeyd edilib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə çox uğurla inkişaf edir, humanitar və təhsil sahələrində əməkdaşlıq xüsusi vurğulanıb. Son zamanlar Azərbaycanın və Fransanın şəhərləri və regionları arasında əlaqələrin gücləndiyini, şəhərlərimiz arasında imzalanan qardaşlaşma sazişlərinin əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdığını diqqətə çatdırıb, oktyabr ayında Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirib. Mehriban Əliyeva Assosiasiyanın əsas məqsədinin Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayaraq bu baxımdan belə səfərlərin təşkilinin böyük əhəmiyyət daşıdığını bildirib.
Jan Fransua Mansel görüşə görə minnətdarlığını bildirib, Parisdə Azərbaycan şəhərciyinin açılışını ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, Fransa Milli Assambleyasının bir həftə ərzində Azərbaycan paytaxtında olan deputatları Bakı ilə tanışlıq imkanı qazanıblar. Paytaxtımızda keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən qonaq bildirib ki, bu cür təmaslar müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının mümkünlüyünə dair bütün dünyaya bir ismarıcdır.