11 aprel 2006

MDB ölkələri Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüş

Aprelin 11-də MDB ölkələri Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda olublar.

 

Nümayəndə heyətinin üzvlərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilib.

 

Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxıblar.

 

Sonra Fondun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ilə görüş olub. MDB ölkələrində yaşayan yəhudiləri birləşdirən təşkilatların təmsilçilərini ölkəmizdə və ulu öndərin adını daşıyan Fondda görməkdən məmnunluq ifadə olunub. Fond haqqında qısa məlumat verilib, Fondun əsas məqsədinin dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsini öyrənib gələcək nəsillərə çatdırmaqdan ibarət olsa da, təhsil, səhiyyə, mədəniyyət, sosial layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirildiyi, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verdiyi bildirilib. Ötən il Fondun təşəbbüsü və layihəsi ilə 132 məktəb tikilib istifadəyə verilib, bu il isə daha 100 məktəbin inşası nəzərdə tutulur. Fond uşaq evləri və internat məktəblərində böyüyən, eləcə də talassemiyalı və diabetli uşaqlara ardıcıl qayğı və köməyi də özünün prioritet vəzifələrindən sayır, bu istiqamətdə xüsusi proqramlar hazırlayıb həyata keçirir. Nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da çox böyük əhəmiyyət verildiyi və onların sırasında yəhudi təşkilatlarının da olduğu diqqətə çatdırılıb.

 

Yəhudi təşkilatlarının təmsilçiləri Fondun və onun prezidentinin konkret insanların və ölkənin sosial problemlərinin həlli sahəsində çox böyük layihələr həyata keçirməsi barədə məlumatlı olduqlarını vurğulayıblar. Onlar Bakıda olarkən Azərbaycan xalqının zəngin mədəniyyəti, klassik və müasir musiqi sənəti ilə əyani tanışlıqdan məmnun qaldıqlarını bildiriblər, Mehriban xanımın həm də UNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Gimnastika Federasiyasının prezidenti kimi səmərəli fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Respublikamızda yəhudilərin azad, sərbəst yaşamaları üçün hər cür şərait olduğunu vurğulayan qonaqlar Azərbaycan Prezidenti ilə görüşün onlarda dərin təəssürat doğurduğunu, tarixən tolerantlığı ilə seçilən Azərbaycanın həqiqətlərinin yayılmasına yardımçı olacaqlarını söyləyiblər.

 

Nümayəndə heyəti adından Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.

 

Mehriban Əliyeva nümayəndə heyətinin üzvlərinə Fondun layihəsi olan kitab, albom, audio-video disklərdən ibarət hədiyyələr bağışlayıb.

 

Sonda xatirə şəkli çəkdirilib.