01.JPG
15 mart 2011

Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüş

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 15-də Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşüb.


Görüşdə qonağa Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 7 ildir fəaliyyət göstərən Fond Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə genişmiqyaslı proqram və layihələr həyata keçirir. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, görkəmli siyasət və dövlət xadiminin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla bərabər, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə bağlı genişmiqyaslı layihələr də həyata keçirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihə və proqramları müstəqil Azərbaycanın sürətli inkişaf perspektivlərinə hesablanmışdır.


Fondun genişmiqyaslı beynəlxalq əlaqələrindən danışan Mehriban xanım Əliyeva YUNİSEF, YUNESKO, BMT-nin İnkişaf Proqramı kimi nüfuzlu qurumlarla uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırmışdır.


Səfir xanım Silvia Mayer-Kaybiç Heydər Əliyev Fondunun həm ölkə daxilində həm də onun hüdudlarından kənarda gördüyü nəcib işlərin Avropada da yüksək qiymətləndirildiyini bildirmiş, bu fəaliyyətin humanitar əhəmiyyətini və örnək olduğunu xüsusi qeyd etmişdir.


Görüşdə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.


FOTO