01.jpg
13 may 2005

Mehriban Əliyeva YUNESKO-nun ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşüb

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mayın 13-də YUNESKO-nun ölkəmizdə səfərdə olan ekspertləri Kristof Kasobonu və Dendev Badarçı qəbul etmişdir.


Mehriban xanım qonaqlara müraciətlə demişdir: YUNESKO-nun hər bir təmsilçisini Azərbaycanda görmək mənim üçün çox xoşdur. Ona görə də sizi Heydər Əliyev Fondunda salamlamaqdan xüsusi məmnunluq duyuram.

 

Sizin missiyanız çox vacibdir, əhəmiyyətlidir. Mən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşümdə, eləcə də YUNESKO-nun tədbirlərindəki çıxışlarımda hər dəfə Azərbaycandakı qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların ağır vəziyyətinə diqqəti cəlb etməyə çalışmışam. Çox sağ olun ki, Siz də bu xeyirxah missiya ilə ölkəmizə gəlmiş və bildiyimə görə, dünən Sabirabad, Saatlı, İmişli və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün uşaqlarla görüşmüş, onların yaşayış şəraiti, təhsili ilə maraqlanmısınız.

 

YUNESKO-nun nümayəndələri həmin bölgələrdə məcburi köçkünlərin, xüsusən uşaqların yaşayış şəraiti, təhsil prosesi ilə şəxsən tanış olduqlarını, gördüklərindən çox təsirləndiklərini, həmin uşaqların təhsilinin səviyyəsi ilə bağlı hesabat hazırlayıb YUNESKO rəhbərliyinə təqdim edəcəklərini bildirmişlər.

 

Ekspertlər YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olan, xüsusi qayğı və fərdi təhsilə ehtiyacı olan uşaqların problemlərinin həlli ilə bağlı böyük işlər gördüyünü bildiklərini söyləmişlər. Onlar bu sahədə YUNESKO-nun Azərbaycan hökuməti və respublikanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə Mehriban xanım Əliyevanın fikirlərinə ürəkdən şərik olduqlarını, bu məsələdə öz köməklərini əsirgəməyəcəklərini bildirmişlər.

 

Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlığın da onlarda zəngin təəssürat yaratdığını vurğulamışlar.


FOTO

Paylaş: