0.jpg
29 aprel 2005

Mehriban Əliyeva İhsan Doğramacı ilə görüşüb

İhsan Doğramacı və onu müşayiət edən şəxslər aprelin 29-da Heydər Əliyev Fondunda olmuşlar.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qonaqlara ümummilli liderimizin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fond və onun məqsədləri barədə məlumat verdi.


İhsan Doğramacı və onunla birlikdə gələn şəxslər ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlarla, o cümlədən Heydər Əliyevin həyatının müxtəlif anlarını canlandıran, Azərbaycan tarixinin bütöv bir dövrü haqqında geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, xalqımızın görkəmli oğluna həsr edilmiş kitablarla tanış oldular. Nadir fotoşəkillər bir daha təsdiqləyir ki, bu dahi insan zəngin və mənalı həyat yolu keçmişdir. Onun şəxsi istifadəsində olmuş əşyalar qonaqlardan hər birinin diqqətini nadir və qiymətli eksponat kimi cəlb etmişdir.


Qonaqlar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun respublikamıza rəhbərliyinin təxminən 35 illik dövrünü əhatə edən şəkillərlə maraqla tanış oldular. Heydər Əliyevin Azərbaycanın müstəqilliyi illərində, ölkəmizin Cənubi Qafqazda liderə çevrildiyi dövrdəki fəaliyyətini əks etdirən fotoşəkillər qonaqlarda xüsusi maraq doğurdu.


Fondla tanışlıqdan sonra İhsan Doğramacı Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.


Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə Türk dünyasının böyük oğlu İhsan Doğramacı arasında görüş oldu. Mehriban xanım Əliyeva dedi ki, kimsəsiz, valideyn himayəsindən məhrum, müxtəlif xəstəliklərə düçar olmuş uşaqlara, onların təlim-tərbiyə aldıqları, müalicə olunduqları internatlara, uşaq evlərinə hamilik etmək, xüsusi proqramlar hazırlayıb həyata keçirmək Fondun fəaliyyətində mühüm yer tutur. Fondun yaradıldığı vaxtdan ötən bir ildə xeyli uşaq evi və internat məktəbi təmir edilmişdir.


İhsan Doğramacı belə fəaliyyətə görə Mehriban xanım Əliyevaya təşəkkür etdi, xalqımızın ümummilli lideri ilə böyük dostluğunu xatırlayaraq dedi ki, vaxtilə Heydər Əliyev ona yubileyinin Azərbaycanda qeyd olunmasını təklif etmişdi. Bu il də mənə 90 illiyimi müxtəlif ölkələrdə qeyd etmək təklif olunmuş, hətta Yaponiyadan xüsusi təyyarə göndərilmişdi. Lakin mən Azərbaycandayam və yubileyimi burada qeyd edəcəyəm. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.


Xalqımızın böyük xeyirxahı İhsan Doğramacı bildirdi ki, sədaqətli dostu, türk dünyasının dahi oğlu Heydər Əliyevin arzularının həyata keçirilməsində Fonda yardımçı olmaq, Mehriban xanımın təşəbbüsü ilə görülən işləri dəstəkləmək məqsədi ilə 10 il ərzində öz şəxsi vəsaitindən Fondun hesabına hər il 100 min dollar köçürülməsini qərara almışdır.


Fondla tanışlıq zamanı qonaqları Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev müşayiət edirdilər.


FOTO