0.jpg
7 iyun 2005

Mehriban Əliyeva Ümumgürcüstan Katolikos-Patriarxı II İlia ilə görüşüb

İyun un 7-də Ümumgürcüstan Katolikos-Patriarxı II İlia Heydər Əliyev Fondunda olmuşdur.


Hörmətli qonaq və onu müşayiət edən şəxslər əvvəlcə ümummilli lider Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular, dahi şəxsiyyətin Avropa, Asiya ölkələrinin liderləri ilə çəkdirdiyi fotoşəkillərə böyük maraqla baxdılar.


Fondla tanış olduqdan sonra II İlia xatirə kitabına ürək sözlərini yazdı, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin nurlu xatirəsinin gürcü xalqının da qəlbində silinməz iz qoyduğunu, Azərbaycan və Gürcüstan xalqlarının dostluq və qonşuluq münasibətlərinin tarix boyu yaşayacağını ifadə etdi.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İlianın görüşü oldu. Mehriban xanım hörmətli qonağı Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan Fondda salamlamaqdan məmnunluq duyduğunu, vaxt tapıb bu görüşə gəldiyinə görə təşəkkürünü bildirdi. O dedi ki, 2004-cü il mayın 10-da fəaliyyətə başlamış Fondun əsas məqsədi müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin zəngin irsini öyrənmək, gələcək nəsillərə çatdırmaq, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə bir daha əyani təsəvvür yaratmaq, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləmək, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək etməkdən ibarətdir. Bununla bərabər Fondun təşəbbüsü, vəsaiti hesabına qısa müddətdə bir sıra layihələr həyata keçirilmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təlim-tərbiyə aldıqları 12 uşaq evi və internat məktəbində əsaslı təmir, yenidənqurma işləri aparılmış, bu çətin və şərəfli sahə himayəyə götürülmüşdür. Talassemiyalı xəstələrin müalicəsinin təşkili məqsədi ilə kompleks tədbirlər hazırlanmış, yeni dərs ilinin başlanmasına qədər respublikanın bütün regionlarını əhatə edən 132 kənddə təzə məktəblərin tikintisinə başlanması üçün genişmiqyaslı fəaliyyətə başlanmışdır.


Ümumgürcüstan Katolikos-Patriarxı səmimi görüşdən razılığını bildirərək dedi ki, görkəmli siyasi xadim Heydər Əliyevin iki dost, qonşu millətin bir-biri ilə daha da yaxınlaşmasında, öz xalqının firavanlığının təmin edilməsində misilsiz xidmətləri olmuşdur. Böyük liderin ideyaları Azərbaycanın indiki rəhbəri Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətlərimizin başçıları arasında mehriban münasibətlərin olmasını görmək mənim üçün çox xoşdur.


II İlia Fondun prezidenti Mehriban xanımın çox dəyərli ictimai fəaliyyəti barədə məlumatı olduğunu vurğuladı, özünün də "Gürcü Patriarxı" Fondunu yaratdığını, əsas məqsədinin gürcü xalqının qədim tarixi və mədəniyyətinin öyrənilməsinə, təbliğinə kömək göstərməkdir. Heydər Əliyev Fondunun təcrübəsinin faydalı olduğunu söyləyən qonaq iki qurum arasında əlaqə yaradılması barədə arzusunu da bildirdi, Mehriban xanımı Gürcüstana səfərə dəvət etdi.


Xoş sözlərə, fəaliyyətinə verilən qiymətə görə təşəkkür edən Mehriban xanım dəvəti böyük məmnuniyyətlə qəbul etdi, çox sevdiyi Tbilisiyə imkan olan kimi gələcəyini söylədi.


II İlia Fondun prezidenti Mehriban xanım Əliyevaya gürcü ustalarının əl işi olan nəfis milli sənətkarlıq nümunəsi hədiyyə etdi.


Mehriban xanım hörmətli qonağa Fondun bir illik fəaliyyətini əks etdirən kitabı, üzərində ulu öndərin şəkli olan döş nişanı, Fondun buraxdığı "Qarabağ xanəndələri" albomunu təqdim etdi.


Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze iştirak edirdilər.


Fonddan xoş təəssüratla ayrılan II İlia şeyxülislamla ümummilli lider Heydər Əliyevin portreti önündə xatirə şəkli çəkdirdi.


FOTO