001.jpg
5 dekabr 2005

Mehriban Əliyeva vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşüb

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva dekabrın 5-də vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşmüşdür.

 

Münsiflər heyətinin sədri, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatları laureatı, Beynəlxalq Musiqi Xadimləri İttifaqının prezidenti, akademik İrina Arxipova, üzvlər - Mariya Biyeşu (Moldova), Bibigül Tulegenova (Qazaxıstan), Firəngiz Əhmədova, Fərhad Bədəlbəyli (Azərbaycan), Mati Palm (Estoniya), Mariya Stefyuk (Ukrayna), Nodar Andquladze (Gürcüstan), Korneliya fon Kerssenbrok (Almaniya), Oleq Melnikov (Belarus) əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.

 

Hörmətli qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, xüsusən elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.

 

Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüş oldu. Mehriban xanım qonaqları səmimiyyətlə salamladı, onları ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən çox böyük qürur hissi keçirdiyini söylədi. O, Heydər Əliyev Fondu haqqında qısa məlumat verərək bildirdi ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Fondun əsas məqsəd və vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Ancaq bununla bərabər, Fond fəaliyyətə başladığı ilk gündən qarşıya zamanın tələblərinə cavab verən vəzifələr qoymuş, böyük, qlobal layihələr həyata keçirməyə başlamışdır. Fondun prezidenti konkret insanların problemlərinin həllinə kömək, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, talassemiyasız həyat, təhsil, mədəniyyət sahəsində çox böyük layihələr həyata keçirdiyini diqqətə çatdırdı. Belə layihələrdən biri olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində cari ilin son altı ayında respublikamızın bütün regionlarında 130 məktəb tikilib istifadəyə verildiyini vurğuladı.

 

Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həmişə mədəniyyətin inkişafına, xalqlar arasında dostluq əlaqələrinin genişlənməsinə böyük diqqət yetirdiyini vurğulayan Mehriban xanım, dünya şöhrətli siyasi xadimin Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 100 illik yubileyi münasibətilə imzaladığı Sərəncamda hər 3 ildən bir görkəmli sənətkarın xatirəsinə həsr edilmiş beynəlxalq müsabiqənin də keçirilməsini gərəkli saydığını, əvvəlki iki müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu, həmin müsabiqələrin qalibi olan 30-dan çox vokalçının dünyanın möhtəşəm konsert salonlarında dəfələrlə uğurla çıxış etdiklərini diqqətə çatdırdı, 3-cü müsabiqədə də Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan, Çin və İrandan 60 gənc vokalçının iştirak etməsini yüksək dəyərləndirən Mehriban xanım Əliyeva əmin olduğunu bildirdi ki, artıq yekun mərhələsinə qədəm qoyan bu müsabiqənin qalibləri də ifaçılıq sənətinə öz töhfələrini verəcəklər.

 

İrina Arxipova xoş sözlərə, Bakıda hər addımda hiss etdikləri qonaqpərvərliyə görə Mehriban xanıma təşəkkürünü bildirdi, budəfəki gəlişində paytaxtda xeyli dəyişiklikləri müşahidə etdiyini, habelə Fondun çox maraqlı ekspozisiyaları ilə tanışlıqdan məmnun qaldığını söylədi. Mehriban xanımı respublikanın ali qanunvericilik orqanına seçilməsi münasibətilə təbrik edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi onun gördüyü çox dəyərli işlər, çoxşaxəli xeyriyyəçilik fəaliyyəti barədə məlumatı olduğunu bildirdi.

 

Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini, xeyli istedadların üzə çıxarıldığını, ən çox da azərbaycanlı vokalçıların çıxışlarından razı qaldıqlarını vurğulayan sənətçilər Mehriban Əliyevanın xalqlar arasında mədəni əlaqələrin inkişafına öz dəyərli töhfəsini verməsini razılıq hissi ilə vurğuladılar, özlərinin də ölkələrində ayrı-ayrı mədəniyyət cəmiyyətlərinə, təşkilatlarına rəhbərlik etdiklərini söyləyərək, əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi naminə mövcud imkanlardan daha səmərəli istifadə olunması barədə Mehriban xanımın fikirlərini, təşəbbüslərini dəstəklədiklərini, bu ideyanın da həyata keçəcəyinə əminliklərini bildirdilər.

 

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.

 

Mehriban xanım münsiflər heyətinin üzvlərinə Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən olan "Qarabağ xanəndələri" musiqi albomunu, Fondun fəaliyyətindən bəhs edən kitabı hədiyyə etdi.

 

Qonaqlar Mehriban xanımla birgə xatirə şəkli çəkdirdilər və Fonddan xoş təəssüratla ayrıldılar.


FOTO