002.jpg
13 fevral 2006

Mehriban Əliyeva ABŞ-ın aparıcı yəhudi təşkilatları sədrləri konfransının nümayəndə heyəti ilə görüşüb

ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Sədrləri Konfransının nümayəndə heyəti fevralın 13-də Heydər Əliyev Fondunda olmuşdur.


Nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.


Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.


Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazdılar, Fondun vəsaiti ilə buraxılmış kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına baxdılar.


Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə görüş oldu. Mehriban xanım qonaqlara ingilis dilində müraciət edərək, onları səmimiyyətlə salamladı, Amerikada yaşayan yəhudiləri birləşdirən təşkilatların təmsilçilərini ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən çox böyük qürur hissi keçirdiyini söylədi. O, Heydər Əliyev Fondu haqqında qısa məlumat verərək bildirdi ki, Fond nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da çox böyük əhəmiyyət verir və ABŞ-ın yəhudi təşkilatları ilə də əlaqələr yaradılmasına hazırdır.


Mehriban xanım qonaqları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxmağa dəvət etdi.


İngilis dilində hazırlanmış film qonaqlarda xoş təəssürat yaratdı. Yəhudi təşkilatlarının təmsilçiləri Fondun və onun prezidentinin konkret insanların və ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, talassemiyasız həyat, təhsil, mədəniyyət sahəsində çox böyük layihələr həyata keçirməsinin şahidi olduqlarını vurğuladılar. Onlar Azərbaycan xalqının zəngin mədəniyyəti, klassik və müasir musiqi sənəti ilə əyani tanışlıqdan məmnun qaldıqlarını bildirdilər, Mehriban xanımın həm də YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Gimnastika Federasiyasının prezidenti kimi səmərəli fəaliyyətini yüksək qiymətləndirdilər.


Amerikalı qonaqlar respublikamızda hər addımda hiss etdikləri qonaqpərvərliyə, Bakıda yəhudi məktəbinin inşası üçün geniş torpaq sahəsi ayrılmasına köməyə görə təşəkkür etdilər. Azərbaycan Prezidenti ilə görüşün onların qəlbində silinməz iz qoyduğunu, ölkəmizdə bütün dinlərdən, millətlərdən olan insanların azad, dinc, birgə yaşayışı üçün hər cür hüquqi-mənəvi şəraitin mövcud olduğunu yəqin etdiklərini, erməni təcavüzünün xalqımıza böyük əzablar verdiyini öyrəndiklərini bildirdilər, Azərbaycan həqiqətlərinin ABŞ-da yayılmasına yardımçı olacaqlarını söylədilər.


Fondun prezidentini parlamentin deputatı seçilməsi, respublikada ötən ilin adamı elan olunması, dünyanın ən məşhur mesenatları sırasında "Yaqut Xaç" ordeninə layiq görülməsi münasibətilə təbrik etdilər, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladılar.


Mehriban xanım Əliyeva xoş sözlərə görə təşəkkür edərək dedi ki, hələ 10 il əvvəl Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən əsas niyyəti xalqımızın zəngin mədəniyyətini, qədim keçmişini, adət-ənələrini, dünyaya yaymaq, tanıtmaq olmuşdur. Çox sağ olun ki, siz də bunları vurğuladınız, düzgün dəyərləndirdiniz, Azərbaycanın təkcə neft ölkəsi yox, həm də zəngin mədəniyyətə malik diyar olduğunu dediniz. Mən həmişə bu fikirdə olmuş, bu amalla yaşamışam ki, xoş niyyət, xoş əməl dünyada çox şeyi yaxşılığa doğru dəyişə bilər.


Nümayəndə heyətinin üzvləri adından Azərbaycanın birinci xanımına üzərində yəhudilərin ən əziz insanlara, onların ailəsinə, mənsub olduqları xalqa sülh, xoşbəxtlik, xeyir-bərəkət, sevinc arzularını ifadə edən kəlamı yazılmış xatirə hədiyyəsi təqdim edildi.


Mehriban xanım nümayəndə heyətinin hər bir üzvünə Fondun layihəsi olan, Azərbaycan həqiqətlərini, mədəniyyətini və milli musiqisini əks etdirən kitab, albom, audio-video disklərdən ibarət hədiyyələr bağışladı.


Fondun prezidenti nümayəndə heyətini müşayiət edən kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını da cavab verdi.


Qonaqlar Mehriban xanımla xatirə şəkli çəkdirdilər və Fonddan xoş təəssüratla ayrıldılar.


FOTO