0.JPG
15 mart 2006

Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin yığıncağı keçirilib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik yığıncağında iştirak etmək üçün Parisə gəlmişdir.


Martın 15-də YUNESKO-nun iqamətgahında xoşməramlı səfirlərin illik yığıncağı keçirildi. Mehriban xanım Əliyevanı YUNESKO-nun protokol rəhbəri Jan Lui Şan və xoşməramlı səfirlər proqramının başçısı xanım Basma İrşeid qarşıladılar.


Yığıncaq başlamazdan əvvəl YUNESKO-nun baş direktoru Koişiro Matsuura Mehriban xanım Əliyevanı Azərbaycan parlamentinin deputatı seçilməsi münasibətilə bir daha təbrik etdi. Xoşməramlı səfirlər də Mehriban xanımı təbrik etdilər və deputatlıq fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.


Sonra yığıncaq başlandı. Yığıncağı giriş sözü ilə açan YUNESKO-nun baş direktoru Koişiro Matsuura yenidən bu vəzifəyə seçilməsi münasibətilə ona təbrik məktubu göndərənlərə minnətdarlığını bildirdi, yığıncağın gündəliyi barədə məlumat verdi. O, ötən il ərzində mədəniyyət, elm və təhsil sahəsində görülmüş işlərdən danışdı, dünyanı narahat edən problemlərin aradan qaldırılmasında YUNESKO-nun yaxından iştirakından bəhs etdi və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.


YUNESKO-nun əsas prinsiplərindən biri olan mədəni və bəşəri irslərin qorunmasında 30 xoşməramlı səfirin gördüyü işlərə toxunan baş direktor Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd etdi və ona təşəkkürünü bildirdi. Koişiro Matsuura YUNESKO tərəfindən həyata keçirilən "Hamı üçün təhsil" layihəsinin müvəffəqiyyətlə reallaşdırıldığını xatırlatdı.


Yığıncaqda çıxış üçün söz Mehriban xanım Əliyevaya verildi.


Fasilə zamanı YUNESKO-nun baş direktoru və xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər.


Sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuura xoşməramlı səfir Mehriban Əliyevanı qəbul etdi. Görüş zamanı baş direktor ölkəmizdə təhsil, mədəniyyət və elm sahəsində gedən proseslərlə maraqlandı.


Yığıncaqdan sonra YUNESKO-nun baş direktoru adından xoşməramlı səfirlərin şərəfinə ziyafət verildi.


FOTO