Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Azər Səfərovun adını daşıyan Salyan şəhər ümumtəhsil internat məktəbinə gəldilər.
Burada Prezidenti və xanımını gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş bu doqquzillik internat məktəbində 416 şagird təhsil alır. Burada 105 yetim uşaq da saxlanılır, onların yaşayışı, təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda yeni məktəblər, idman salonları da inşa olunur.
Prezident İlham Əliyev və xanımı ayrı-ayrı sinif otaqlarına, kompyuter sinifinə baxdılar. Bildirildi ki, müasir informasiya vasitələrinin tətbiq olunması çox müsbət nəticələr verir. Ümumiyyətlə, Salyan rayonunun şagirdləri ayrı-ayrı fənlər üzrə respublika və beynəlxalq miqyaslı olimpiadalarda yüksək nəticələr göstərirlər.
Şagirdlərin yataq otaqlarına və oxu zalına da baş çəkən Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirdi. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda gələcəkdə də yeni məktəb binalarının inşa olunacağını vurğuladı.