004.jpg
26 iyun 2006

Parisdə "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclası keçirilib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının YUNESKO-nun mədəniyyət bölməsinin təşəbbüsü ilə keçirilmiş ilk iclasında iştirak etmək üçün iyunun 26-da Parisə gəlmişdir. Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru tərəfindən yığıncağa dəvət olunmuş yeganə xoşməramlı səfirdir.


YUNESKO-nun iqamətgahına gələn Mehriban xanımı qurumun xoşməramlı səfirlər proqramının rəhbəri Basma İrşeyd, protokol rəhbəri Jan-Lük Şan və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin başçısı, səfir Eleonora Hüseynova qarşıladılar.

 

Yığıncağı giriş sözü ilə baş direktorun mədəniyyət üzrə köməkçisi Fransuaz Ribiyer açdı.

 

YUNESKO-nun baş direktoru Koişiro Matsuura qonaqları, o cümlədən ölkəmizdə şifahi mədəni irsin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan, yeganə xoşməramlı səfir kimi belə mötəbər tədbirdə iştirak edən Mehriban xanım Əliyevanı salamladı.

 

Baş direktor "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı artıq 45 ölkənin ratifikasiya etdiyini, son bir neçə ayda daha 7 dövlətin bu Konvensiyaya qoşulduğunu xatırlatdı. Qeyri-maddi mədəni irsin hər bir xalqın tarixinin güzgüsü olmaqla yanaşı, bütün dünyanın sərvəti olduğunu vurğulayan cənab Koişiro Matsuura dedi ki, bu sərvətin qorunması hamının işidir. Baş direktor rəhbərlik etdiyi beynəlxalq təşkilatın bu sahədə gördüyü işlər barədə də məlumat verdi.

 

Əlcəzairin xarici işlər naziri, Yaponiyanın elm, təhsil və texnologiya naziri öz çıxışlarında ölkələrində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı görülən işlərdən söhbət açdılar, hər bir ölkənin konvensiyaya qoşulmasının vacibliyini xüsusi vurğulayaraq, xalqların keçmişindən xəbər verən istər maddi, istərsə də qeyri-maddi mədəni irsin son vaxtlar bəzi ölkələr tərəfindən vəhşiliklərə məruz qaldığını bildirdilər və YUNESKO-nu öz nüfuzundan istifadə edərək belə halların qarşısını almağa çağırdılar.

 

İbtidai icma dövründən bu günə kimi yaradılmış və nəsildən-nəslə ötürülmüş qeyri-maddi mədəni irsin mənsub olduğu xalqın tarixini özündə əks etdirdiyini söyləyən nazirlər bu irsin qorunması sahəsində ölkələrarası əməkdaşlığın yaranması və inkişaf etdirilməsinin vacibliyini, bu sahədə xüsusi səriştəsi olan ölkələrin təcrübəsindən istifadənin əhəmiyyətini vurğuladılar.

 

Mehriban xanım Əliyeva iclasda çıxış etdi.

 

Mehriban xanım Əliyevanın çıxışı sürəkli alqışlarla qarşılandı.

 

İclasda "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyaya qoşulmuş ölkələrin xarici işlər, təhsil, elm və mədəniyyət nazirləri, səlahiyyətli nümayəndələri, YUNESKO yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak edirdilər.

 


FOTO