03.jpg
29 iyun 2006

Qazıqumlaq kəndində 2 nömrəli orta məktəbin əsaslı təmirindən sonra açılışı olub

İyunun 29-da Ucar rayonunun Qazıqumlaq kəndində Heydər Əliyev adına 2 nömrəli orta məktəbin əsaslı təmirindən sonra açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı mərasimdə iştirak edirdilər.


Prezident İlham Əliyevə məlumat verildi ki, 564 şagirdi, 45 nəfərlik pedaqoji kollektivi olan məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunmuşdur. Məktəb 1998-ci ildə, xalqımızın ümummilli lideri Heydər Əliyevin 75 illiyi münasibətilə tikilmişdi. Burada dərslər bir növbədə keçirilir.

 

Prezident İlham Əliyev ulu öndərin fəaliyyətindən bəhs edən guşəyə, onun büstünə baxdı, məktəbin idman salonu, ayrı-ayrı sinif otaqları, linqafon kabineti, emalatxana, yeməkxana ilə tanış oldu, şagirdlərin yüksək bilik alması üçün yaradılan şəraitdən razılığını bildirdi.

 

Sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi ilə görüşdü. Müəllimlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdilər. Onlar Mehriban xanımın təşəbbüslərinin əhəmiyyətindən söz açdılar və onun mədəniyyətə və təhsilə göstərdiyi qayğını xüsusi vurğuladılar. Eyni zamanda, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırladılar və onun siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

Sonra Prezident İlham Əliyev məktəbin stadionuna gələrək, kənd uşaqlarının futbol oynamasına baxdı, buradan ətrafı seyr etdi. Kənddə yeni yaraşıqlı evlərin tikilməsinin ölkəmizin ümumi iqtisadi inkişafı ilə bağlı olduğu vurğulandı. Azərbaycan Prezidenti şagirdlərin yüksək təhsilə və biliyə sahib olmaları üçün hər cür şəraitin yaradılmasının zəruriliyini və onların bir neçə dil öyrənməsinin əhəmiyyətli olduğunu söylədi.

 

Daha sonra Qazıqumlaq kəndində yaraşıqlı parka gələn Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin burada ucaldılmış abidəsini ziyarət etdilər.


FOTO