1_edit.jpg
6 noyabr 2006

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Əzizbəyov rayonu ictimaiyyəti ilə görüşüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva noyabrın 6-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində, Fuad Fərhadoğlu adına 230 nömrəli orta məktəbdə seçicilərlə görüşmüşdür.

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən müasir tipli bu məktəbin müəllim və şagirdləri əziz qonağı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

 

Məktəbin geniş, işıqlı iclas salonunda keçirilən görüşü Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov açaraq dedi ki, bu gün Milli Məclisə seçkilərdən bir il ötür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Əzizbəyov 2-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün seçicilərlə görüş keçirilir.

 

Ölkə rəhbərliyi tərəfindən görülmüş irimiqyaslı işlər, həyata keçirilən mühüm layihələr nəticəsində Azərbaycanın hər bir guşəsində olduğu kimi, Əzizbəyov rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilmişdir. Son bir ildə Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda irimiqyaslı layihələr həyata keçirilir. Görülən işlər Əzizbəyov rayonunun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Şüvəlan qəsəbəsinin sakinləri adından çıxış edən Tamilla Rəcəbova bu görüşə hədsiz sevinc hissləri ilə gəldiyini, Mehriban xanımın deputatlıq fəaliyyətinin bir ili ərzində görülən işlərin göz qabağında olduğunu bildirdi. Qəsəbənin illərdən bəri həll edilməmiş su probleminin aradan qaldırıldığını xüsusi vurğulayaraq minnətdarlıq etdi. O, Mehriban xanıma müraciətlə dedi ki, qonşuluqda yaşayan tənha qarıya tez-tez baş çəkirəm, evə girən kimi görürəm ki, bir tərəfdə Sizin, o biri tərəfdə Prezidentimiz İlham Əliyevin portreti vurulubdur. Şüvəlanda hansı evə qədəm bassanız, belə mənzərəni görəcəksiniz. Allah-taaladan Sizə və ailənizə cansağlığı arzu edirik, Sizi həmişə deputatımız kimi görmək istəyirik.

 

Müəllim Vəzirxan Əbilov son bir ildə Binə qəsəbəsində görülən işlərin əhatə dairəsinin genişlənməsindən, yeni məktəb, xəstəxana, mədəniyyət evi və kitabxananın, yardımçı elektrik stansiyasının, idman kompleksinin tikintisindən danışdı, park salındığını, qəsəbəyə təzə asfalt yol, su xətti çəkildiyini, qaz təminatı məsələsinin həll edildiyini vurğuladı. Xalqımızın milli-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşan Mehriban xanıma qəsəbədəki İmam Rza və Möhsün Səlim məscidlərinin bərpasına göstərdiyi qayğıya görə xüsusi təşəkkürünü bildirdi. İyunun 15-də Prezident İlham Əliyevlə birlikdə Mehriban xanımın da Hövsanda təməlqoyma mərasimində iştirak etdiyi 1176 yerlik məktəbin təzə binasının inşasının da sürətlə davam etdiyini bildirdi. O, çıxışının sonunda dedi: Bu yaxınlarda Sizin təşəbbüsünüzlə Parisdə YUNESKO çərçivəsində Azərbaycan günü keçiriləndə təmiz ingilis dilində çıxış etməyiniz qəlbimizi fərəh, iftixar hissi ilə doldurdu. Bir də ona görə çox sevinirik ki, Azərbaycanın birinci xanımı olmaqla yanaşı, Siz həm də bizim deputatımızsınız.

 

Türkan qəsəbəsinin sakinləri adından Mehriban xanımı salamlayan Mətanət Mayılova qəsəbəyə təzə asfalt yol çəkildiyini, poliklinika tikildiyini, park salındığını, uşaq bağçası, şahmat klubu, təcili tibbi yardım binaları inşa edildiyini, internat məktəbinin yenidən qurulduğunu, abadlıq-quruculuq işlərinin davam etdiyini vurğuladı. Ramazan bayramında Mehriban xanımın adından dindarlar üçün süfrə açılmasını dini dəyərlərimizə hörmətin ifadəsi kimi səciyyələndirdi. Bu il mayın 9-da dövlət başçımızla birlikdə Mehriban xanımın qəsəbədə olmasının türkanlıların qəlbində silinməz iz buraxdığını, "Əzizbəyov rayonunun inkişafı fondu"nun rayon sakinlərinin problemlərinin həllinə yardımçı olduğunu bildirdi, yekdilliklə səs verdikləri deputata ən xoş arzularını yetirdi.

 

Zirə qəsəbəsinin sakini Əlisahib Məmmədov isə çıxışında dedi: Televiziya ekranlarında nəvələrimizin də bir-birinə "bizim deputatımızdır" deyə fəxrlə göstərdiyi Mehriban xanım, düz bir il əvvəl Siz Zirə ağsaqqallarını yığıb problemlərimizi soruşanda, mən kənd ağsaqqalları adından bir neçə məsələni diqqətinizə çatdırdım. Fikirləşdim ki, zərif bir qadının çiyninə bu qədər problemin həllini qoymaqla, bəlkə də, günah iş görürəm. İndi, bir ildən sonra Sizə camaatımız adından ancaq, "Sağ olun, Allah xoşbəxt ailənizi başacan eləsin!" deməyə gəlmişəm. Siz bizim dilə gətirmədiyimiz, özünüzün gəzib gördüyünüz çatışmazlıqları da aradan qaldırmısınız.

 

Seçkiqabağı verdiyi vədlərin, demək olar ki, hamısını vaxtında layiqincə yerinə yetirdiyinə görə Mehriban xanıma təşəkkürünü bildirən Binə sakini Rəhimə Baxşıyeva dedi: Bir Azərbaycan qadını kimi mən Sizinlə fəxr edirəm, Siz qadınlarımızın intellektual səviyyəsini, mədəniyyətini, natiqliyini, zərifliyini bütün dünyada şərəflə təcəssüm etdirirsiniz, xalqımıza, vətənimizə başucalığı gətirirsiniz. Bütün bunlar üçün, deputatımız kimi bir ildə gördüyünüz böyük işlər üçün çox sağ olun.

 

Şüvəlan qəsəbəsinin sakini Aidə Rzayeva dedi ki, hər birimizin xeyli yaşımız var, müxtəlif dövrlərdə yaşamışıq, ancaq elə bir hal görməmişik ki, deputat verdiyi vədlərin hamısını belə ardıcıllıqla, diqqətlə, qayğı və tələbkarlıqla yerinə yetirsin. Sizin fəaliyyətinizdən hər bir ailəyə pay, rahatlıq düşür. Biz seçkiqabağı görüşlərdə də Sizin nə qədər sadə, səmimi olduğunuzu görürdük. Həmişə belə qalın, biz Sizi çox sevirik.

 

Daha sonra Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev son bir ildə deputat Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda görülmüş işlər haqqında qısa məlumat verərək dedi:

 

- Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, 1 nömrəli uşaq evinin yay düşərgəsi, Şimal DRES-i qəsəbəsindəki 10 nömrəli uşaq bağçası və 230 nömrəli məktəb, 31 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı şəkildə bərpa edilib yenidən qurulmuş, 156 nömrəli orta məktəb üçün 700 şagird yerlik yeni bina inşa edilmişdir. Müasir tipli şahmat mərkəzinin tikintisi layihələndirilir, Şüvəlan qəsəbəsinin yolları təmir edilmiş və işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. Qəsəbəyə su xətti çəkilmişdir. Şimal DRES-i qəsəbəsində binaların dam örtüyünün və fasadının təmir işlərinə başlanılmışdır.

 

Binə qəsəbəsində alaqapı tikilmiş, 1176 şagird yerlik 218 nömrəli əsas məktəbin yeni binasının inşasına başlanmışdır. 70 nömrəli körpələr evi- uşaq bağçası, İmam Rza məscidi, Möhsün Səlim məscidi yenidən qurulmuş, 110 kilovoltluq "Yeni Binə" yardımçı stansiyası istifadəyə verilmiş, qəsəbəyə su xətti çəkilmiş, əsas yollar təmir olunaraq işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır.

 

Türkan qəsəbəsində alaqapı, Təhsil-tədris Mərkəzi və 256 nömrəli əsas məktəbin 300 şagird yerlik yeni binası inşa olunmuş, nitqi qüsurlu uşaqlar üçün respublika internat məktəbi, 214 nömrəli uşaq bağçası, 17 nömrəli şəhər poliklinikası, 18 nömrəli təcili yardım stansiyasının 25 nömrəli filialı yenidən qurulmuş, aptek istifadəyə verilmiş, bankomat quraşdırılmış, Türkan parkının yenidən qurulması işlərinə başlanılmışdır. Qəsəbənin əsas yolları təmir edilərək işıqlandırılmış, yol boyu dayanacaqlar quraşdırılmışdır.

 

Zirə qəsəbəsində alaqapının, Qışlaq sahəsindəki 122 nömrəli ibtidai məktəb üçün 100 şagird yerlik binanın inşası başa çatmış, neftçi Əbdülhəsən Babayevin abidəsi yenidən qurulmuş, xalq rəssamı Baba Əliyevin barelyefi açılmış, bankomat qoyulmuş, qəsəbənin əsas yolları təmir edilmiş, işıqlandırılmış, dayanacaqlar quraşdırılmışdır. Zirə parkının, mədəniyyət evinin, iaşə kompleksinin inşasına başlanmışdır.

 

Mərdəkan qəsəbəsində 2 nömrəli yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, oğlanlar üçün respublika xüsusi məktəbi yenidən qurulmuş,183 nömrəli məktəb üçün yeni tədris korpusu, rayon mərkəzi kitabxanası üçün bina inşa olunmuşdur. Əzizbəyov adına mədəniyyət evində yenidənqurma işləri gedir. Pir Həsən ziyarətgahının yenidən qurulması başa çatmaqdadır.

 

Buzovna qəsəbəsində, 206 nömrəli orta məktəb üçün əlavə korpus inşa edilmiş, 1296 şagird yerlik məktəbin, Cümə məscidinin yenidən qurulmasına başlanmışdır.

 

Mehriban xanım seçicilər qarşısında çıxış etdi.


FOTO