10.05.2004.JPG
10 may 2004

Bakıda Heydər Əliyev Fondunun açılışı olub

Mayın 10-da, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə Bakının Azərneft meydanı yaxınlığında - Niyazi küçəsində milli memarlıq üslubunda tikilmiş yeni binada "Heydər Əliyev Fondu"nun təntənəli açılış mərasimi olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.


Mərasimə toplaşanlar respublikamızın rəhbərini səmimiyyətlə qarşıladılar.


Fond Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq niyyəti və Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq üçün yaradılmışdır. Fondun məqsədi ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə, ölkəmizin tərəqqisi və Azərbaycan xalqının rifahı naminə ondan istifadə olunmasına xidmət edən genişmiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq məfkurəsinin və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artırılmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində iştirak etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlərin həyata keçirilməsinə dəstək vermək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım etməkdən ibarətdir.


Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət, hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı təmsilçiləri, ictimaiyyətin nümayəndələri müxtəlif dövrlərdə çəkilmiş və ulu öndər, türk dünyasının böyük oğlu Heydər Əliyevin şəxsi arxivində saxlanılan sənədli kadrlar əsasında hazırlanmış filmə baxdılar.


Sonra Prezident İlham Əliyev mərasimdə nitq söylədi.


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


- Əziz dostlar!


Hörmətli qonaqlar!


Baxdığımız bu kadrlar, onların demək olar ki, əksəriyyəti Heydər Əliyevin şəxsi, yəni ailə arxivindən götürülmüş kadrlardır. Onların əksəriyyəti, bəlkə də, ilk dəfədir geniş auditoriyaya təqdim olunur. Biz hesab etdik ki, bunu etməliyik.


Heydər Əliyev dahi şəxsiyyətdir, görkəmli siyasi xadimdir, müasir Azərbaycanın qurucusudur. Ancaq, eyni zamanda, Heydər Əliyev çox mehriban ata idi, çox qayğıkeş baba idi. Çox əziz dost idi. Onun bu xüsusiyyətləri bizə, onun ailə üzvlərinə çox yaxşı tanış idi. Mən də, bacım da, uşaqlarımız da bütün zamanlarda, bütün dövrlərdə ona həmişə bizim üçün ən önəmli olan məsələlərlə əlaqədar müraciət edirdik və həmişə ondan məsləhət, ata sözü eşidir, qayğı görürdük.


Bu gün Heydər Əliyevin doğum günüdür və ilk dəfədir ki, bu gün onsuz keçir. Bu, bizim hamımız üçün, onu tanıyan, onu sevən, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır, böyük dərddir. Adətən, bu gün adi bir gün kimi keçərdi. Yəni hər hansı xüsusi bir tədbir keçirilməzdi. O, həmişə bunun əleyhinə olurdu. Bəzi hallarda təkliflər gələndə deyirdi ki, xeyr, bu, adi bir gündür, ailəmiz üçün əziz bir gündür. Biz bu günü həmişə ailə şəraitində qeyd edirdik.


Xatirimdədir, bu, bəlkə də, bir dəfə, 1993-cü ildə - Heydər Əliyevin 70 illiyində daha da geniş tərkibdə qeyd olunmuşdur. O, həmin vaxt Naxçıvanda yaşayırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Onunla Naxçıvanda birlikdə işləyən insanlar bir məclis süfrəsi açmışdılar. Orada onun yaxınları yığışmışdı, qohumları gəlmişdi, Bakıdan gələn tərəfdarları, Yeni Azərbaycan Partiyasının fəalları gəlmişdi. O dövr çətin bir dövr idi. Azərbaycanın o vaxtkı rəhbərliyi Heydər Əliyevə təzyiqlər etməyə çalışırdı və müəyyən təzyiqlər olmuşdu. Əlbəttə, Heydər Əliyevin Azərbaycanda artan nüfuzu Bakıda oturanları narahat edirdi. Ona görə o vaxt Naxçıvana gəlmiş insanlar, həqiqi mənada, onun əsl tərəfdarları idilər. Oraya gəlmək üçün, əlbəttə, cəsarət tələb olunurdu.


Xatırlayıram, o çox gözəl bir gün idi. Heydər Əliyev də çox şad idi. Biz də, hamımız çox sevinirdik. Çox gözəl bir gün idi. O gündən, təxminən bir ay keçəndən sonra xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəldi, Azərbaycana rəhbərliyə gəldi və o dövrdən, o günlərdən etibarən Azərbaycanın inkişaf dövrü başlandı.


1970-ci illərdə, 1980-ci illərdə də Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə çalışanda Azərbaycan daim uğurlar qazanırdı. Azərbaycanın inkişaf ahəngi digər müttəfiq respublikalarla müqayisədə çox yüksək idi. Azərbaycanda yeni müəssisələr, sənaye obyektləri, mədəniyyət ocaqları yaradılırdı. Bütün bu məsələlərə böyük diqqət verilirdi. Demək olar ki, o illər bütün respublikalar eyni səviyyədə idi, lakin respublikanın rəhbərindən çox şey asılı idi. O, daim çalışırdı ki, bütün yeni texnologiyaları, müəssisələri Azərbaycana gətirsin. Bütün imkanlardan istifadə edirdi ki, Azərbaycan inkişaf etsin. Məhz o illərdə Azərbaycanda kənd təsərrüfatı da çox sürətlə inkişaf etdi. Azərbaycanda memarlıq baxımından bu gün də Bakını gözəlləşdirən binalar, saraylar tikildi. O vaxt statistika göstərirdi ki, Sovet İttifaqında yalnız iki respublika mənfəətlə işləyir. Onlardan biri də Azərbaycan idi. Digərləri hamısı dotasiya ilə işləyirdi.


Bu gün Azərbaycanın iqtisadi potensialında çox mühüm rol oynayan müəssisələr məhz o illərdə, onun tərəfindən yaradılmışdı. Əgər biz bu müəssisələri indi çıxsaq, görərik ki, Azərbaycanın iqtisadiyyatı belə ahənglə inkişaf edə bilməzdi. Əgər məhz o illərdə Azərbaycanda bu müəssisələr yaradılmasaydı, biz bu gün böyük çətinliklərlə yaşayardıq. O illərdə Azərbaycanın digər sahələri də inkişaf edibdir.


Məhz onun təşəbbüsü ilə, demək olar ki, Sovet İttifaqında Moskva şəhərindən başqa ilk dəfə hərbi təmayüllü məktəb yaradılmışdır. Cəmşid Naxçıvanski adına həmin məktəb bu gün də yaşayır, Azərbaycan ordusu üçün peşəkar kadrlar hazırlayır. Amma o illərdə bunu etmək, bilirsiniz, hər adamın, əlbəttə, ağlına gəlməzdi. Bunu edən adam çox irəliyə baxırdı. Hiss edirdi, duyurdu ki, bir gün Azərbaycan müstəqil olacaq, bir gün Azərbaycana müstəqil ordu və bu orduda xidmət edəcək zabitlər, generallar lazım olacaqdır. Mən hesab edirəm və buna əminəm ki, həmin məktəb o məqsədlə yaradılıbdır. Belə hallar çoxdur. Belə misallar çoxdur. Heydər Əliyevin bütün həyatı, bütün fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycançılıq, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək onun həyatının ən ümdə amalı idi.


1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra, o, öz həyatını yenidən xalqa xidmətə sərf etmişdir. 1993-cü ilə qədər Azərbaycan, demək olar ki, dağılmaq ərəfəsində idi. Ölkədə gedən proseslər Azərbaycanı dağıdırdı, böhran - iqtisadi, siyasi, hərbi böhran yaşanırdı. Azərbaycan müharibə vəziyyətində idi. Torpaqlarımız işğal olunurdu. Eyni zamanda, vətəndaş müharibəsi də başlamışdı. Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı var idi, nə ordusu var idi, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir.


Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycana böyük hörmət var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir.


Yenə deyirəm, Azərbaycanın iqtisadiyyatı dağılmış vəziyyətdə idi. Müəssisələr dayanmışdı, istehsal yox idi. İqtisadi tənəzzül yüzlərlə faizlə ölçülürdü və demək olar ki, 1996-cı ilə qədər ölkədə yaşanan böhran bizim hamımıza çox mənfi təsir göstərirdi. Amma onun iqtisadi siyasəti nəticəsində, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkə tez bir zamanda dirçəldi. Bu gün Azərbaycan keçmiş sovet respublikaları arasında iqtisadiyyatın inkişaf ahənginə görə birinci yerdədir. Azərbaycan adambaşına düşən xarici sərmayələrin həcminə görə birinci yerdədir. Bu, Heydər Əliyevin siyasətinin, onun gördüyü işlərin nəticəsidir.


Bilirsiniz, adam yaxşı şəraitə, yaxşı meyllərə öyrənir, tez alışır. Bəzən elə gəlir ki, belə də olmalıydı. Xeyr, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, tamamilə başqa cür olacaqdı və bunu heç təsəvvür etmək də mümkün deyildir.


Ermənistan-Azərbaycan müharibəsinə son qoyuldu, atəşkəs əldə edildi və bu rejim bizə imkan verdi ki, öz iqtisadiyyatımızı, digər sahələri inkişaf etdirək. Əgər bu gün bizə təcavüz edən ölkə ilə Azərbaycanı müqayisə etsək, görərik ki, kim üstündür. Azərbaycanın gələcək perspektivləri bizə imkan verəcək ki, istədiyimizə nail olaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş torpaqlar geri qaytarılacaqdır. Başqa cür də ola bilməz. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir və Heydər Əliyev çoxlu səylər qoymuşdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırsın. Məhz o illər ərzində görülən işlərin, təbliğat işlərinin nəticəsində dünya birliyində bu münaqişə haqqında ədalətli təsəvvür yaranıbdır.


Ordu quruculuğunda böyük işlər görülübdür. 1993-cü ildə Azərbaycanda ordu yox idi. Ayrı-ayrı dəstələr var idi. O dəstələrin müəyyən siyasi əqidəsi var idi və hər bir siyasi qurum özünə bir dəstə yaradırdı. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda güclü ordu yaradılıbdır. Bu gün Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Azərbaycanın iqtisadi potensialı gücləndikcə, ölkəmiz zəngin dövlətə çevriləndən sonra, əlbəttə, ordu potensialımız da çox güclənəcək və bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Mən inanıram və əminəm ki, bu, belə də olacaqdır.


Bütün digər məsələlər də var və bunların hamısını bu gün, necə deyərlər, təqdim etmək çox vaxt aparar. Amma elə bir sahə yoxdur ki, orada son 10 il ərzində irəliləyiş, tərəqqi olmasın. Elm, mədəniyyət, incəsənət sahələrində də Azərbaycan, demək olar ki, indi intibah dövrünü yaşayır.


On il tarix baxımından böyük bir müddət deyildir. Amma baxın, son on ildə Azərbaycanda nə qədər böyük işlər görülübdür. Azərbaycan nə qədər böyük uğurlar əldə edibdir. Bütün bu uğurlara görə biz xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq.


Bu gün onun adını daşıyan Fondun təqdimat mərasimi keçirilir. Bu ideya yeni deyildir. Bir neçə il bundan əvvəl belə bir fikir yaranmışdı ki, "Heydər Əliyev Fondu" yaradılsın. O da bu fikrə müsbət yanaşmışdı, amma nə isə bunu həyata keçirmək mümkün olmadı. Amma biz hesab etdik ki, bu gün belə bir Fond lazımdır. Bu Fond artıq yaradılıbdır. Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır.


Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik.


Xalq ötən il keçirilən prezident seçkilərində Heydər Əliyevin siyasətini bir daha dəstəklədi. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətiribdir və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir. Sağ olun.


Prezident İlham Əliyev mayın 10-da Fondun açılışı zamanı Gürcüstan Prezidenti administrasiyasının başçısı İrakli Çubitaşvilini qəbul etdi.


İrakli Çubitaşvili Azərbaycan dövlətinin başçısına Gürcüstan Prezidenti Mixail Saakaşvilinin səmimi salamını yetirdi.


Azərbaycan Prezidenti İlham Əliyev Acarıstanla bağlı məsələnin dincliklə həllindən məmnunluğunu bildirdi, onun salamını və ən xoş arzularını Gürcüstan Prezidentinə yetirməyi xahiş etdi.


İrakli Çubitaşvili Prezident Mixail Saakaşvilinin məktubunu Prezident İlham Əliyevə təqdim etdi.


Azərbaycan Prezidenti İlham Əliyev sonra Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar nazirinin müavini Mixail Şvıdkoyu, həmyerlilərimiz Yuli və Mixail Qusmanları qəbul etdi.


Dövlətimizin başçısı qonaqları salamlayaraq, xalqımız üçün belə əziz gündə ölkəmizə gəldiklərinə görə, Heydər Əliyevin xatirəsinə diqqətçil münasibətə görə təşəkkürünü bildirdi.


Mixail Şvıdkoy Heydər Əliyevin şəxsiyyətindən danışaraq dedi: "O, bizim üçün Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində qarşılıqlı münasibətlərə həmişə xüsusi əhəmiyyət verən bir insan idi. Ona görə də biz gəlməyə bilməzdik".


Prezident İlham Əliyev vurğuladı ki, Heydər Əliyev Moskvanın, Rusiyanın yaradıcı ziyalılarının nümayəndələri ilə görüşlərini həmişə səmimiyyətlə xatırlayırdı.


Sonra Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, onun ömür yoluna həsr olunmuş "Azərbaycan naminə" sənədli filminə baxdı, Fondun salonlarında nümayiş etdirilən eksponatlarla tanış oldu. Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən eksponatlar Azərbaycan tarixinin ən zəngin bir dövrü barədə tam təəssürat yaradır. Onların arasında Heydər Əliyevin uşaqlıq, yeniyetmə və gənclik dövrünün, habelə siyasi fəaliyyətinin müxtəlif anlarını əhatə edən çoxsaylı fotoşəkillər, dünyanın böyük siyasi liderlərinin Prezident Heydər Əliyevə bağışladığı hədiyyələr, onun Moskvada, Azərbaycanda və o cümlədən Naxçıvan Muxtar Respublikasında çalışdığı dövrlərdə istifadə etdiyi əşyalar, ulu öndərimiz haqqında yazılmış kitablar vardır.


Ayrıca bir otaqda İnternet xətti ilə Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini nümayiş etdirən məlumat bazasına daxil olmaqla, bu müdrik şəxsiyyətin çoxcəhətli ictimai-siyasi fəaliyyəti barədə informasiya almaq mümkündür.


Azərbaycan Prezidenti İlham Əliyev Fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:


"Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan Fondun təqdimat mərasimi keçirilmişdir. "Heydər Əliyev Fondu" xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir.


"Heydər Əliyev Fondu" ictimai təşkilatlar və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir.

 

İlham Heydər oğlu Əliyev

10 may 2004-cü il".

 

Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin, Baş nazirin müavinləri, deputatlar və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.


FOTO