01.JPG
5 oktyabr 2004

Mehriban Əliyeva Bakıdakı 268 nömrəli əqli və fiziki cəhətdən zəif uşaqlar üçün məktəbdə olub

Oktyabrın 5-də Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı 268 nömrəli əqli və fiziki cəhətdən zəif uşaqlar üçün məktəbdə olmuşdur. Beynəlxalq Müəllimlər Günündə Moskva hökumətinin göndərdiyi rus dilində dərs kitabları məktəbə hədiyyə edilmişdir.


Ötən ilin oktyabrında bu məktəbdə əsaslı təmir işlərinin aparılmasına kömək göstərən Mehriban xanım Əliyevanın bayram günündə yenidən bu məktəbə gəlişi böyük minnətdarlıqla qarşılandı.


Mehriban xanım Əliyeva aparılan təmir işləri, məktəbin avadanlıqla təmin olunması ilə maraqlandı. Ona məlumat verildi ki, burada yaradılan xüsusi kompüter otağında uşaqlar qısa müddətdə xeyli bilik və vərdişlər qazanmışlar. Hörmətli qonağın yaxından köməyi ilə görülən bu işlərin məhdud imkanlı uşaqların gələcək həyatı və fəaliyyəti üçün müstəsna əhəmiyyəti olduğu razılıqla vurğulandı, belə təcrübənin digər müvafiq məktəblərdə də tətbiqinin zəruriliyi bildirildi.


Bu ilin martında Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızdakı xarici səfirlərin xanımları ilə keçirilən görüşdə bu məktəbin problemlərinin, xüsusən də dərsliklə təminatının diqqət mərkəzində saxlamağın vacibliyi vurğulanmışdı. Bu nəcib təşəbbüsə dərhal münasibət bildirən Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi vasitəsilə Moskva hökumətinin rus dilində dərsliklərdən ibarət hədiyyəsinin Azərbaycana çatdırılması razılıqla qeyd olundu.


Beynəlxalq Müəllim Günü münasibətilə pedaqoji kollektivi təbrik edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların yeni dərsliklərlə tədris prosesinə daha yaxşı cəlb ediləcəyinə əminliyini bildirdi.


Məktəbin direktoru tədris ocağının təmirinə, avadanlıqla və dərsliklərlə təchizinə göstərdiyi xüsusi köməyə görə Mehriban xanıma kollektiv adından təşəkkürünü bildirdi, bu cür dərsliklərin respublikamızdan xaricdə çap olunduğunu və sonuncu dəfə ölkəmizə belə kitabların 1988-ci ildə gətirildiyini xatırlatdı. O, məhdud imkanlı məktəblərdə inteqrasiyalı təhsil prosesinin tətbiqinin qısa zamanda özünü göstərən uğurlarından danışdı.


Rusiyanın Bakıdakı səfirliyinin nümayəndəsi bu ilin martında keçirilən görüşdə bu tipli məktəblərin problemlərinə diqqət yetirmək barədə Azərbaycan Prezidentinin xanımının müraciətinə Moskva hökumətinin dərhal münasibət göstərməsini Azərbaycanla Rusiya arasında xoşməramlı əlaqələrin daha bir nümunəsi kimi dəyərləndirdi. O, Moskva hökumətinin hədiyyəsi olan belə dərsliklərin digər məktəblərə də təqdim olunacağını söylədi. Səfirliyin nümayəndəsi müəllim günü münasibətilə Azərbaycanın pedaqoji ictimaiyyətini təbrik etdi, Prezident İlham Əliyevin təbrik məktubunda müəllimlərin tərbiyə missiyasını uğurla həyata keçirməsinin əhəmiyyətinin xüsusi vurğulanmasının bir mütəxəssis kimi onda dərin minnətdarlıq hissi doğurduğunu bildirdi.


Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva əlamətdar bayram günündə bu məktəbdə olmasından məmnunluğunu ifadə etdi. O, əqli və fiziki cəhətdən zəif, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil və tərbiyəsi ilə məşğul olmağın vacibliyini bildirərək, bu məsələni daim diqqət mərkəzində saxlayacağını söylədi. Qeyd etdi ki, Heydər Əliyev Fondu çərçivəsində hazırlanan proqramda internat məktəblərinin problemlərinin həllinə xüsusi önəm veriləcəkdir. Bu işlər Bakıda başa çatdıqdan sonra respublikamızın digər regionlarında da həyata keçiriləcəkdir. O, Moskva hökumətinin dəyərli hədiyyəsinə görə də təşəkkürünü bildirdi. Mehriban Əliyeva bu məktəbin, eləcə də qayğıya daha çox ehtiyacı olan məhdud imkanlı uşaqların problemlərini daim nəzərdə saxlayacağını söylədi.


Təhsil Nazirliyinin nümayəndəsi və müəllimlər məhdud imkanlı uşaqların inteqrasiyalı təlim prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, bu işdə xüsusi köməyinə görə Mehriban xanıma minnətdarlıqlarını bildirdilər.


FOTO

Paylaş: