1.JPG
7 dekabr 2004

Heydər Əliyev Fondunda “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin təqdimatı keçirilib

Ümummilli liderimiz Prezident Heydər Əliyevin adını daşıyan Fond təməli bu görkəmli siyasi xadim tərəfindən qoyulan və bütün millətin gələcəyi olan uşaqların sağlamlığına daim diqqət yetirilməsinə yönəldilən ənənələrə əsalanaraq, özünün başlıca vəzifələrindən birini uşaq evlərindəki, internatlardakı uşaqlara və yeniyetmələrə, kiçik yaşlı qaçqınlara və məcburi köçkünlərə, habelə müxtəlif xəstəliklərə tutulan uşaqlara yardımda görür.


Bunu Fondun Prezidenti, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsinin dekabrın 7-də Bakıda keçirilən təqdimat mərasimində bildirimişdir. Layihəni Heydər Əliyev Fondu, Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti təşkil etmişlər. Bu nəcib tədbirdən əsas məqsəd ictimaiyyətin, milli və xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunması, Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllində Beynəlxalq Diabet Federasiyasının iştirakını fəallaşdırmaq məsələlərinə yönəltməkdir.


Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva çıxışında bildirmişdir ki, Azərbaycanda çox ağır xəstəliklərə, hətta korluğa və qanqrenaya gətirib çıxaran şəkərli diabet xəstələri var, onların 310 nəfəri 14 yaşınadək olan uşaqlardır. Buna görə də bizim vəzifəmiz bu uşaqların əzablarını yüngülləşdirmək üçün hərtərəfli tədbirlər görməkdən ibarətdir. Axı, onlar gələcəkdə Azərbaycan Cəmiyyətinin tam dəyərli üzvləri olmalıdır". Mehriban Əliyeva Azərbaycanın diabetli uşaqlarına humanitar yardım göstərdiyinə görə "Novo Nordisk" şirkətinə təşəkkür etmişdir. Xüsusi qeydiyyatda olan uşaqlara layihə çərçivəsində bu şirkətin istehsal etdiyi yarımillik insulin ehtiyatı verilmişdir. Xatırladaq ki, "Novo Nordisk" bu dərman preparatının, şprislərin istehsalı sahəsində dünyada liderdir.


Ölkənin tibb ictimaiyyəti nümayəndələrinin, Milli Məclis deputatlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, xarici ölkə səfirlərinin də iştirak etdikləri təqdimat mərasimində Heydər Əliyev Fondunun fəaliyyəti və onun uşaqlara qayğıya yönəldilmiş müxtəlif tədbirləri haqqında film göstərilmişdir.


Səhiyyə naziri Əli İnsanov, Beynəlxalq Diabet Federasiyasının prezidenti Vim Vinçels, Azərbaycan Diabet Cəmiyyətinin prezidenti Mömünə Ömərova, "Novo Nordisk" şirkətinin marketinq məsələləri üzrə direktoru Oksana Bereznyak, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, YUNİSEF-in Bakı nümayəndəliyinin rəhbəri Hana Singer mərasimdə çıxış edərək bildirmişlər ki, dünyada diabetlə xəstələrin sayı ildən-ilə artır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 164 milyon insan bu xəstəlikdən əziyyət çəkir, 2030-cu ilədək onların sayı 330 milyon nəfərə çatacaqdır. Azərbaycan "Diabet haqqında" qanun qəbul edən ilk MDB ölkələrindən biridir. Bu qanun MDB Parlamentlərarası Assambleyasının bu yaxınlarda Sankt-Peterburqda keçirilən iclasında analoji sənəd qəbul edilərkən model qanun layihəsi olmuşdur. Azərbaycanda diabetlə mübarizəyə dair Dövlət proqramı da qəbul edilmişdir və onun maliyyələşdirilməsi üçün gələn ilin büdcəsində 15 milyard manat nəzərdə tutulmuşdur.


Mərasimdə Azərbaycan Diabet Cəmiyyəti, habelə "Novo Nordisk" şirkətinin fəaliyyəti barədə də məlumat verilmişdir.


Təqdimat mərasiminin sonunda Mehriban xanım Əliyeva jurnalistlərin suallarına cavab verərək demişdir ki, bu, Fondun fəaliyyətində növbəti layihədir, həmin qəbildən ilk layihə qaçqınların və məcburi köçkünlərin uşaqlarına yardımla bağlı olmuşdur. Fond yaxın vaxtlarda respublikanın uşaq evlərindən və internatlarından olan uşaqlara yardım göstərilməsinə dair layihə həyata keçirməyi də planlaşdırır.


FOTO