015.JPG
14 aprel 2012

Mehriban Əliyeva Moskvada “Bakı-2020” layihəsinin təqdimat mərasimində iştirak edib

Aprelin 14-də Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyası keçirilmişdir. Assambleya çərçivəsində 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimi olmuşdur.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.


Assambleyada tarixdə ilk dəfə olaraq dünyanın bütün qitələrindəki ölkələrdən olimpiya hərəkatlarının mindən artıq lideri, idman nazirləri və idman ictimaiyyətinin nümayəndələri Rusiya paytaxtında toplaşmışdır. Tədbirin məqsədi Milli Olimpiya komitələrinə informasiya və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır. Bu təşkilatın hər iki ildən bir keçirilən Baş Assambleyalarında Milli Olimpiya komitələrinin olimpiya hərəkatında rolu, dopinqlə mübarizə, idmanda marketinqin əhəmiyyəti və digər məsələlər müzakirə olunur. Azərbaycanın isə 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi üçün iddia ərizəsi ilə müraciət etməsi sürətlə inkişaf edən ölkəmizin artan nüfuzundan, irimiqyaslı layihələrlə yanaşı, mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə qadir olmasından xəbər verir.


Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasını təşkilatın prezidenti səlahiyyətlərini icra edən Şeyx Əhməd əl-Fəhad əl-Sabah açdı. Sonra 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin təqdimat mərasimi başladı. Hər bir şəhərə 10 dəqiqə vaxt verildi. İstanbul və Tokionun iddia komitələrinin üzvləri Türkiyənin və Yaponiyanın iri şəhərlərinin dünyanın ən mötəbər idman tədbirinə ev sahibliyi etməyə hazır olduqları və Olimpiada üçün nəzərdə tutulan infrastruktur, idman qurğuları və Olimpiya şəhərcikləri barədə ətraflı məlumat verdilər.


Azərbaycan paytaxtının təqdimat mərasimi Bakıya həsr olunan videoçarxın nümayişi ilə başladı.


Bakının iddia komitəsi kommunikasiya departamentinin müdiri Nərgiz Birk-Petersen Azərbaycan paytaxtının Olimpiya Oyunları üçün özəlliyindən danışdı. Bildirdi ki, Bakı Olimpiya Oyunları üçün xüsusi məkandır. “Əsrlər boyu Bakı insanların bir araya gəldiyi, mədəniyyətlərin qovuşduğu bir şəhər olub”, - deyən Nərgiz Birk-Petersen Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarına layiqincə ev sahibliyi edəcəyinə, bununla da gələcəkdə Olimpiya Oyunlarının keçirilməsi baxımından davamlı modelin yaradılacağına əmin olduğunu vurğuladı.


Azərbaycanın sürətli inkişafından danışan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov isə Bakının idman üçün çox əlverişli şəhər olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 2020-ci ildə Bakıda Olimpiya Oyunlarının keçirilməsi xeyli müsbət nəticələr verəcək və Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi ilə sıx əməkdaşlığı “Biz birlikdə bacararıq” şüarının reallaşmasına şərait yaradacaqdır. “Olimpiya Oyunlarına ev sahibliyi edən ölkənin məqsədi təkcə gözəl oyunlar keçirmək deyil, həmçinin hərəkata davamlı olaraq töhfəsini verməkdir”, - deyən Elxan Məmmədov Bakının Olimpiya hərəkatı tarixində yeni bir səhifə açacağına əminliyini vurğuladı. AFFA-nın baş katibi Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsinin Beynəlxalq Olimpiya Komitəsi və onun tərəfdaşları üçün yeni bazarlar açacağını da qeyd etdi və dedi ki, Bakı Olimpiadası tikiləcək olimpiya qurğularının oyunlar bitdikdən sonra yerli və qonşu ölkələrdən olan idmançılara xidmət etməsi ilə də yadda qala bilər.


Bakı-2020 Olimpiya Oyunlarının planını hazırlamaq üçün istedadlı gənclərdən ibarət Azərbaycan komandası ilə işləməkdən qürur hissi duyduğunu deyən Bakının iddia komitəsinin məsləhətçisi, Olimpiya Oyunları veteranı Bob Elfinston bu günə qədər görülən böyük işlərlə fəxr etdiklərini bildirdi və iştirakçılara təqdim olunan videoçarxın onlarda böyük təəssürat yaradacağına əminliyini ifadə etdi.


Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də daxil idi.


Baş Assambleyada daha sonra Qətərin paytaxtı Doha və İspaniyanın paytaxtı Madrid şəhərlərinin təqdimatları olmuşdur.


Namizəd şəhərlərin birinci təqdimat mərasimi fevral ayında keçirilmişdir. İki mərhələdən ibarət seçimdən sonra 2013-cü il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiadasının hansı şəhərdə keçiriləcəyini Argentinanın paytaxtı Buenos-Ayresdə elan edəcəkdir.


Onu da qeyd edək ki, iddiaçı şəhərlər arasında ən böyük ictimai dəstək alan məhz Bakı olmuşdur.


Moskvada keçirilən Baş Assambleya çərçivəsində Ümumdünya Olimpiya İdman Forumu, habelə Milli Olimpiya Komitələri Assosiasiyasının İcraiyyə Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Milli Olimpiya Komitələri Assosiasiyası Baş Assambleyasının iclasları da olacaqdır.


Xatırladaq ki, Milli Olimpiya Komitələri Assosiasiyasına Afrika Milli Olimpiya Komitələri Assosiasiyası, Panamerika İdman Təşkilatı, Asiya Olimpiya Şurası, Avropa Olimpiya və Okeaniya Milli Olimpiya komitələri daxildir.


FOTO