17_FOND-QIZ QALASI-FESTIVAL-BAGLANISH.jpg
19 may 2012

Mehriban Əliyeva “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasimdə iştirak edib

Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.


Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir. Festival Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoyub. Builki incəsənət festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak edib. Onlar qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar. Əvvəlki festivallardan fərqli olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası çərçivəsində ceyran maketləri hazırlanıb və ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilib. Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Festivalda sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında ətraflı məlumat verdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirdə çıxış edərək dedi:


-   Xanımlar və cənablar!


Əziz dostlar!


Hər şeydən əvvəl, sizi gözəl şəhərimiz Bakıda salamlayıram. “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı çərçivəsində keçirilən “Böyük beşlik” sərgisinə xoş gəlmisiniz.


Biz bu festivalı üçüncü dəfədir ki, keçiririk. Çox böyük uğur qazanan bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir.


Bu gün biz burada Azərbaycanda və Cənubi Qafqazda ən gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardan biri olan ceyranı nümayiş etdiririk. “Böyük beşlik” sərgisi diqqəti Azərbaycanda və regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlara cəlb etmək üçün təşkil edilmişdir.


İDEA Kampaniyası nəsli kəsilmək təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini “Böyük beşliy”ə daxil etmişdir. Bu gün biz nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu canlılara nümunə kimi ceyrandan istifadə edirik. Ceyran Azərbaycanın sehirli nağıllarında və musiqilərində hər zaman zəriflik və gözəllik rəmzi olmuşdur. Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. İDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik.


Bildiyiniz kimi, İDEA Kampaniyası təxminən bir il əvvəl yaradılmışdır. Bu müddət ərzində biz ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirmiş və çox müsbət nəticələr əldə etmişik.


Yarım saat bundan əvvəl biz Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzini açdıq. Bu mərkəz insanlara ətraf mühitlə bağlı araşdırmalar aparmağa imkan verəcəkdir.


İDEA-nın digər maraqlı bir layihəsi burada, qədim Qız qalasının qarşısında reallaşdırılır. Qız qalasında bərpa işləri aparılarkən biz Afrikadan Azərbaycana uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. İDEA Kampaniyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu quşlar üçün alternativ yuvalar tikdi. Mən böyük məmnuniyyətlə məlumat verirəm ki, quşlar yeni yuvalarına köçmüşdür.


Əziz dostlar, bu gün burada dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan 23 rəssam iştirak edir. Mən onların bəzilərini tanıyıram, artıq “Qız qalası” festivalında iştirak etmişlər. Bəziləri peşəkar, bəziləri isə mənim kimi incəsənəti sevən həvəskar rəssamlardır.


Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır. Bu mesaj bizim İDEA Kampaniyasının şüarına da tam uyğundur: “Bir planet-bir gələcək”.


Sizin hamınıza bu sərgidə iştirak etdiyinizə görə təşəkkür edirəm. Bu sərgi bir müddət Bakıda keçiriləcəkdir. Biz bu sərginin müxtəlif ölkələrdə keçirilməsini də planlaşdırırıq.


Sərginin təşkil edilməsində köməyi olanların hər birinə, xüsusilə də rəssamlara təşəkkür edirəm. Mən hesab edirəm ki, siz həqiqətən gözəl iş görmüsünüz.


Bakıya gəldiyiniz üçün bir daha sağ olun. Ümid edirəm ki, bizim gözəl şəhərimizdə olmağınızdan məmnun qalacaqsınız. Hamınıza cansağlığı, xoşbəxtlik və məhəbbət arzulayıram.


X X X


Tədbirdə “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalına həsr edilmiş videomaterial nümayiş etdirildi. Builki festivalın digər fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mappinq texnologiyasının təqdim edilməsi oldu. Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradıldı. 


FOTO