45.gif
4 iyul 2013

Mehriban Əliyeva Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışında iştirak edib

İyulun 4-də Fransanın Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günlərinə start verilib.


Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


Azərbaycan mədəniyyətinin Kannda tanıdılması ilə bağlı işlər şəhərin müxtəlif yerlərində ölkəmizin təbliğinə həsr olunan posterlərin və banerlərin vurulması ilə başlayıb.


İlk tədbir - 4-cü beynəlxalq “Qız Qalası” festivalının açılışı La Kruazetdə olub. Mehriban Əliyeva və Kann şəhərinin meri deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.


Tədbirdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirib və tədbirlərdə iştirak etmək üçün Kanna gəlmiş Mehriban Əliyevanı salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib. Leyla Əliyeva mədəniyyət günlərinə Qız Qalası sərgisi ilə start verildiyini diqqətə çatdırıb.


“Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış “Qız Qalası” beynəlxalq sərgisidir. Şəhərimizin rəmzi olan “Qız Qalası” maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak etmişdirlər. Bu tarixi abidədir və eramızın 9-cu əsrinə təsadüf edir. Eyni zamanda siz burada ceyran heykəlini görürsünüz. Bu, İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir”, - deyə Leyla Əliyeva bildirib.


Heydər Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə malik abidəsi və UNESCO-nun dünya mədəni irs siyahısına daxil etdiyi Qız Qalasının qlobal miqyasda təbliğinə həsr edilən bu layihəsi ilk dəfə 2010-cu ildə Bakıda baş tutub və ardıcıl olaraq 3 il tamaşaçıların görüşünə gəlib. İlk dəfə Azərbaycandan kənarda keçirilən 4-cü beynəlxalq festivalda indiyə qədər dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. “Qız Qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər. Ona görə də sərginin konseptual xəyal sərhədləri olduqca geniş və əhatəlidir.


Sərginin diqqət çəkən məqamlarından biri də Qız Qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunmasıdır. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni Kannda da nümayiş etdirib. Ümumilikdə isə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.


X X X


Günün ikinci yarısında Kannda hər il beynəlxalq kino festivalının keçirildiyi Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub.


Mehriban Əliyevanın və Kann şəhərinin meri Bernar Broşanın iştirak etdiyi sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Festivallar sarayının sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub.


Sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də nümayiş etdirilib. Sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər.


Mehriban Əliyeva mərasimdə çıxış edib.


Kann şəhərinin meri Bernar Broşan bildirib ki, bu sərgi Azərbaycanın dünyəvi dövlət və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, sərginin Kann şəhərində açılması Qafqazın mirvarisi olan Azərbaycana böyük maraq yaradıb.


Axşam Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.


X X X


Daha sonra hər il Kann şəhərində keçirilən beynəlxalq pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. Bu münasibətlə təşkil olunmuş atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Mərasimdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Atəşfəşanlıq Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.


FOTO

VİDEO