01_fransa-kann-azarbaycan-birinci-xanim.jpg
5 iyul 2013

Kann şəhərində Azərbaycan mədəniyyəti həftəsi davam edir

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşanla görüşüb. Görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyəti vurğulanıb, şəhər ictimaiyyəti və turistlər arasında bu tədbirlərin doğurduğu əks-sədadan məmnunluq ifadə olunub.


Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.


Görüşdə Azərbaycan ilə Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb, artıq bu istiqamətdə bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib.


Bernar Broşan Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.


Böyük Səkkizliyin bu şəhərdə keçirilmiş sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanmış heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi də Mehriban Əliyevaya təqdim olunub.


Х Х Х


İyulun 5-də axşam Kannda Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi Avropa tamaşaçılarına çatdırmaqdır.


Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib.


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tamaşaçılara zəngin Azərbaycan mədəniyyəti barədə məlumat verib. Səfir Azərbaycan musiqisinin bütün dünyada məşhur olduğunu, muğam sənətinin dünyada tanıdılması istiqamətində bir çox işlərin görüldüyünü, ölkəmizdə caz musiqisinin də böyük ənənələrinin olduğunu bildirib.


FOTO

VİDEO