04.gif
18 iyul 2013

Mehriban Əliyeva Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Parisdə keçirilmiş mərasimdə iştirak edib

İyulun 18-də Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə Parisdə qurumun baş qərargahında mərasim keçirilib.

 

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

Əvvəlcə Mehriban Əliyeva təşkilatın baş direktoru İrina Bokova ilə görüşdü. Görüşdə Azərbaycan ilə UNESCO arasında 20 il ərzində çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırıldı. Bildirildi ki, bu münasibətlər bundan sonra da inkişaf edəcəkdir.

 

Görüşdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin cari ilin dekabr ayında Bakıda keçiriləcək iclası barədə müzakirələr aparıldı.

 

Sonra Azərbaycan Höküməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalandı. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzaladılar.

 

UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi qurumla Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, birinci xanım Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusi vurğuladı. Baş direktor qeyd etdi ki, imzalanan saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycan və UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır.

 

Sonra Azərbaycan ərazisində tapılan daş abidələrin fotostendi ilə tanışlıq oldu.

 

Daha sonra UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və baş direktor İrina Bokova ölkəmizin bu mötəbər təşkilata üzv olmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimində iştirak etdilər.

 

UNESCO-nun baş qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcəkdir. Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılmışdır. Ümumilikdə, daş at və daş qoç fiqurları ənənəvi xalq sənətimizin, milli daş plastikası sənətinin geniş yayılmış növlərindən biridir. Bu cür heykəllər həm atın, həm də qoçun xalqımız tərəfindən güclü və davamlı simvollar kimi qəbul olunduğunu əks etdirir.

 

Tədbir iştirakçılarına Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylandı.

 

UNESCO-nun baş direktoru İrina Bokova mərasimdə çıxış etdi:

 

- Zati-aliləri, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva.

 

Hörmətli nazir Əbülfəs Qarayev, hörmətli qonaqlar, xanımlar və canablar.

 

Bu gün biz burada Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyini qeyd etmək üçün bir araya gəlmişik. Dərhal sizə bu xoş xəbəri çatdırmaq istərdim. Biz indicə əməkdaşlığımızı gücləndirmək, onun səviyyəsini daha da artırmaq məqsədi ilə 5 milyon manatlıq trastın yaradılmasına dair saziş imazalamışıq. İndi isə biz əməkdaşlığımızın və dostluğumuzun rəmzi olaraq bu gözəl heykəllərin açılışında iştirak edirik. Bu gün, əziz dostlar, UNESCO sizin evinizdir, digər ölkələr kimi, Azərbaycanın da evidir. Xüsusilə, Zati-aliləri, Azərbaycanın birinci xanımını burada salamlamaq mənim üçün böyük şərəfdir. Azərbaycanda bir neçə həftə bundan əvvəl “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzusunda mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumunun açılışında iştirak etmişəm. Bizim qızğın müzakirələrimiz zəmanəmizin çox mühüm məsələrini əhatə edirdi. Bu ilin sonunda - dekabrda biz Bakıda Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasını keçirəcəyik. Bütün bunlar əməkdaşlığımızın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqətini göstərir. Xanımlar və cənablar, Azərbaycan rəhbərliyi UNESCO-dan bu ölkənin qədim tarixini, İpək Yolu ilə bilavasitə əlaqəsi olan mübadilə, elm və incəsənət mərkəzi kimi səmərəli istifadə edir.

 

Bu ölkənin zənginliyi mədəniyyətlər arasında davamlı dialoqdan bəhs edən UNESCO-nun Mərkəzi Asiya sivilizasiyalarının tarixində öz əksini tapıb. Bu, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim İçərişəhərin divarlarında öz əksini tapıb. Lakin biz bunun, həmçinin Azərbaycanın təkrarolunmaz qeyri-maddi irsində də şahidi oluruq. Buraya qədim xalçaçılıq sənəti və Türkiyə, Hindistan, İran, Qırğızıstan, Pakistan və Özbəkistanda qeyd olunan Novruz Bayramı da daxildir. UNESCO-nun Azərbaycan ilə əməkdaşlığı zəngin və genişmiqyaslıdır. Bu gün biz bu əməkdaşlığı daha da gücləndirdik.

 

Xanımlar və cənablar, icazə verin əlaqələrimizin inkişafına töhfələrinə görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya dərin minnətardlığımı bildirim. Hörmətli Mehriban xanım Əliyevaya təhsilin, o cümlədən qızların təhsilinin inkişafına verdiyi töhfələrə və irəli sürdüyü təşəbbüslərə görə xüsusi təşəkkür edirəm. Özünüz də bilirsiniz ki, bu, mənim üçün nə qədər əzizdir. Pakistanda qızlar məktəbinin tikintisinin maliyələşdirilməsini çox yaxşı xatırlayıram. Bu arada digər təşəbüslər də olub, xüsusən də “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və ölkənizin bir çox rayonlarında 132 məktəbin inşası. Mən, həmçinin bu mənada mədəniyyətlərarası dialoqun, musiqi təhsilinin, bir daha qeyd etmək istərdim, qızların təhsilinin inkişaf etdirilməsinə ölkənizin sadiqliyini yüksək qiymətləndirirəm. Bu gün açilişını etdiyimiz heykəllərdə ölkənizin ruhunun tərənüm olunduğunu görürəm. Onlar, orta əsirlərdə yaranan, şifahi şəkildə nəsildən-nisilə ötürülən sənət formasını ifadə edir. Deyərdim, onlar xalqları və dinləri, insanlar və heyvanlar aləmini, həyətla ölüm arasında körpülərlə sərhədləri bir araya gətirən kosmoqrafiyanı ifadə edir. Bu ianəyə görə Azərbaycan hökümətinə dərin minnətdarlığımı bildirirəm. Bir daha Azərbaycanın birinci xanımına və xaıqına xüsusi təşəkkür etmək istərdim.

 

Xanımlar və cənablar, may ayında UNESCO Gəncə şəhərində anadan olmuş dahi şair Məhsəti Gəncəvinin 900 illiyini qeyd etdi. Məhsəti Gəncəvi insan ruhunun məziyyəti haqqında şeirlər yazırdı. Düşünürəm ki, onun şeirlərinin fəlsəfəsi sülh naminə dialoqun məğzi və həmçinin UNESCO-nun ruhudur.

 

Diqqətinizə görə minnətdaram.

 

Sonra Mehriban Əliyeva mərasimdə çıxış etdi. 


FOTO

VİDEO