003.JPG
28 oktyabr 2013

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin ikinci toplantısı olub

Oktyabrın 28-də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin ikinci toplantısı keçirilib.

 

Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.

 

Toplantıya sədrlik edən Mehriban Əliyeva bu oyunların Azərbaycan üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik olduğunu söylədi: “Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi bir ənənə halını almışdır. Azərbaycanda mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan xalqı bu oyunları dəyərləndirir və ölkəmizin Avropa idmanının tarixində çox böyük rol oynayacağı bu oyunlarla bağlı məsuliyyətini dərk edir. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.

 

Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğuladı. Təşkilat Komitəsinin sədri artıq idman yarışlarının cədvəl layihəsinin tərtib olunduğunu, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlərin nəzərdən keçirildiyini bildirdi. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı da tamamlanıb, maliyyə məsələləri təhlil olunub.

 

Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışdı, media şəhərciyinin inşa ediləcəyi yerin müəyyən olunduğunu, Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyasının yaradıldığını, kommunikasiya strategiyasının işlənildiyini, oyunların yayımı məsələsi ilə bağlı razılığın əldə edildiyini söylədi.

 

Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin mühüm əhəmiyyət daşıdığını deyən Mehriban Əliyeva bu gün Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu, yeni aeroportun inşa edildiyini, istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırdı.

 

Mehriban Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin olunmasının vacibliyini bildirdi və Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etdi.

 

Sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işləri yüksək qiymətləndirdi, qarşıda duran vəzifələrdən danışdı.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO