o.jpg
30 aprel 2013

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub

Aprelin 30-da 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub.

 

İclasda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

 

İclasdan əvvəl Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşdü.

 

Görüşdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda yaxşı potensialın və mükəmməl təcrübənin olduğu vurğulandı, Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komandanın fəaliyyət göstərdiyi bildirildi.

 

Sonra iclas işə başladı.

 

Toplantıya sədrlik edən Mehriban Əliyeva onun işinə uğurlar arzuladı:

 

- Biz Azərbaycanda ilk Avropa Oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq. Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq.

 

Mehriban Əliyeva ilkin mərhələdə Koordinasiya Komitəsinin qarşısında duran müxtəlif məsələlərə toxundu. Təşkilat komitəsinin sədri bildirdi ki, Olimpiya kəndi də daxil olmaqla lazımi infrastrukturun hazırlıq səviyyəsi, məlumatın ötürülməsi, Oyunlara hazırlıq və keçirilməsini işıqlandıracaq kütləvi informasiya vasitələri ilə iş strategiyası, idman proqramının təsdiqlənməsi və tamamlanması xüsusi diqqət tələb edir.

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın Avropa Oyunlarının təşkilat komitəsinə sədrlik etməsinin bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaratdığını söylədi.

 

Toplantıda xarici ekspertlərin Avropa Oyunlarının keçirilməsi ilə bağlı təqdimatları oldu. Təqdimatlarda təşkil olunacaq mərasim və mədəni proqramlar, yayım, media strategiyaları, əlaqələr, işçi və tikinti planları haqda fikir mübadiləsi aparıldı.

 

Təkliflərə görə təşəkkürünü bildirən Mehriban Əliyeva Avropa Oyunlarının ölkəmiz üçün ilk belə təcrübə olduğunu dedi. Bu oyunlarının böyük uğur kimi Olimpiya ailəsi tarixinə düşəcəyinə ümidvar olduğunu bildirən Azərbaycanın birinci xanımı Koordinasiya Komitəsinin iclasında səslənən fikirlərin Avropa Oyunlarına hazırlıq işlərinə yeni nəfəs gətirəcəyini qeyd etdi.

 

Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsi təqdim edildi.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO