011.JPG
26 oktyabr 2011

Mehriban Əliyeva Parisdə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında iştirak edib

Oktyabrın 26-da UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası öz işinə başlamışdır.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın işində iştirak etmişdir. 

 

Sessiyada iştirak etmək üçün UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təşkilatın baş direktoru İrina Bokova qarşıladı.

 

Dünyanın 193 ölkəsindən nümayəndə heyətlərinin, bir sıra ölkələrin dövlət və hökumət başçılarının, təşkilata üzv olmayan ölkələrin müşahidəçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi sessiyaya sədrlik edən Macarıstan nümayəndəsi Katalin Bodjiay gündəlikdə duran məsələlər barədə məlumat verdi. O bildirdi ki, sessiyada UNESCO-nun 2012-2013-cü illər üçün ilkin proqramı və büdcəsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılacaqdır. Bundan əlavə, dünyada dayanıqlı inkişafın, mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin gender bərabərliyi, gəncliyə və Afrika qitəsinə yardımların edilməsi diqqət mərkəzində olacaq, “Təhsil hamı üçün” proqramına ən yüksək səviyyədə dəstək veriləcəkdir.

 

UNESCO-nun İcraiyyə Şurasının sədri Eleonora Mitrofanova diqqəti dünyada yoxsulluğun azaldılması, savadsızlıqdan əziyyət çəkən bölgələrdə təhsil problemlərinin həllinə yönəltdi. O, dünyada gender bərabərliyinin qorunması istiqamətində UNESCO tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, bu problemlərin həlli yollarının tapılması beynəlxalq əməkdaşlıqdan keçir. Bu baxımdan sessiyamızda aparılan dialoq və səslənən təkliflər məqsədlərimizə töhfə verə bilər.

 

UNESCO-nun baş direktoru İrina Bokova dünyanı narahat edən bir çox məsələlər barədə diskussiya aparmaq baxımından bu sessiyanın əhəmiyyətinə toxundu. Bildirdi ki, təhsil, elm, mədəniyyət və digər sahələrin inkişafını özünün prioriteti elan edən UNESCO qlobal çağırışlara hər zaman həssas münasibətilə seçilib və insanlar arasında həmrəyliyin əldə olunmasında bu təşkilatın qarşıya qoyduğu məqsədlər nümunəvi dəyərlərə söykənir. İrina Bokova gələn il Rio-de-Janeyroda keçiriləcək beynəlxalq konfransın dünyada gedən proseslərin öyrənilməsi və bir çox problemlərin həllinə yardım edəcək iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

 

Sonra sessiya çərçivəsində “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumu başladı. Macarıstan Prezidenti Pal Şmit, Qabon Prezidenti Əli Bonqo Ondimba, Kot-d-İvuar Prezidenti Alasana Uatara, Qrenadanın Baş naziri Tilman Tomas və Beninin Baş naziri İren Kupaki də bu Forumun əhəmiyyətinə toxunaraq dünyada mövcud problemlərin həlli baxımından onun mühüm müzakirə məkanı olduğunu bildirdilər.

 

Mehriban xanım Əliyeva Liderlər Forumunda çıxış etdi.


FOTO