Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başladı.
Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayıldı.
Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edir. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılandı.
Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa etdilər.
Malinin Şeyx Tidiane Sek etnocaz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini təqdim etdilər.
Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini ifa etdilər.
Daha sonra Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını səsləndirdilər.
Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatdı.
XXX
Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.
Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.
1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.
Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.