005.JPG
10 may 2024

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.

 

Dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

 

Qeyd edildi ki, bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı Aşağı Gövhər Ağa məscidi erməni vandalizminin qurbanına çevrilmişdi. Məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi.

 

Bərpa prosesi ilə tanışlıq zamanı Şuşa işğal altında olduğu dövrdə ermənilərin Aşağı Gövhər Ağa məscidində törətdikləri vandalizm faktları barədə məlumat verildi. Bildirildi ki, bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş xaç işarəsi aşkarlanıb.

 

Bərpa işləri zamanı yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib. Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilir. Bərpa işləri, eyni zamanda, mədrəsə bölməsini də əhatə edir.


FOTO

VİDEO