07_PARIS-BIRINCI XANIM-ENERJI AMAKDASHLIGI-KONFRANS.JPG
16 sentyabr 2011

Mehriban Əliyeva Avropa Parlamentinin Parisdəki ofisində “Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda Beynəlxalq konfransda iştirak edib


Sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində “Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.


Konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

 

Birinci xanım Mehriban Əliyevaya konfransda iştirak etdiyinə görə minnətdarlığını bildirən Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati tədbirin əhəmiyyətini vurğuladı. Azərbaycanın Fransa üçün bir çox sahələrdə strateji tərəfdaş olduğunu deyən Rəşidə Dati bildirdi ki, 20 ildir müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan bu gün beynəlxalq səhnədə xüsusi rola malikdir. Rəşidə Dati dedi ki, neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan Avropa İttifaqının enerji sahəsində mühüm tərəfdaşıdır. Parisin 7-ci rayonunun meri qeyd etdi ki, bu konfrans da Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının genişləndirilməsinə həsr edilib. Rəşidə Dati iki ölkə arasındakı münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışdı.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Beynəlxalq konfransda çıxış etdi.

 

Sonra Fransanın nəqliyyat naziri Tierri Mariani çıxış etdi. Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayan nazir Azərbaycanın birinci xanımının bu tədbirdə iştirakından məmnun olduğunu bildirdi. Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi dəfələrlə ölkəmizə səfər etdiyini deyən nazir sonuncu səfərində Prezident İlham Əliyev ilə görüşdüyünü qeyd etdi. “Azərbaycan enerji təhlükəsizliyi baxımından regional və beynəlxalq aləmdə mühüm rol oynayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır” - deyən Fransanın nəqliyyat naziri Tierri Mariani belə bir konfransın keçirilməsini vacib hadisə adlandırdı. O dedi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olduğu hamıya məlumdur. Azərbaycanın neft və qaz ehtiyatlarını dünya bazarlarına çıxarmaqda maraqlı olduğunu diqqətə çatdıran nazir dedi ki, bu məsələdə Bakı-Tbilisi-Ceyhan neft kəməri əvəzsiz rol oynayır. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sənayesini modernləşdirərək, sürətlə inkişaf yoluna çıxdığını vurğulayan Fransanın nəqliyyat naziri 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu siyasi və iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdırdı.

 

Daha sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış etdi. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadi inkişafın müşahidə edildiyini deyən nazir, ölkəmizin zəngin neft və qaz ehtiyatlarına malik olduğunu vurğuladı. Natiq Əliyev son illər ölkəmizdə energetika sahəsində əldə edilən uğurlardan bəhs etdi, ölkəmizin iştirak etdiyi strateji enerji layihələri barədə məlumat verdi.

 

Tədbirdə Fransanın, o cümlədən Avropanın aparıcı enerji şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edirdilər.


FOTO