021.jpg
15 sentyabr 2012

Mehriban Əliyeva Bakıda “Christie’s” hərrac evinin ilk sərgisinin açılışında iştirak edib

Dünyanın məşhur “Christie’s” hərrac evi sentyabrın 15-də Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yenicə istifadəyə verilmiş “The Four Seasons Hotel”in möhtəşəm salonunda özünün Azərbaycanda ilk sərgisini təşkil edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.


Sərgidə “Christie’s”in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunur. Həmin eksponatlara impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxildir. Bu sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri yer alıb. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın yaratdığı ölməz sənət incisi də vardır. Rəssamın həyat yoldaşı və itini təsvir etdiyi əsər “Qadın itlə” adlanır. Pablo Pikasso bu əsəri 1962-ci ildə çəkmişdir. Əsər 5-7 milyon dollar arasında qiymətləndirilir. Həmin əsərlə yanaşı, “Christie’s”ın kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayiş edilir.

 

Sərgi ilə yaxından tanış olan Mehriban Əliyevaya buradakı bənzərsiz sənət nümunələri haqqında ətraflı məlumat verildi.

 

Azərbaycanın birinci xanımı sərginin qonaqlar kitabına ürək sözlərini yazdı.

 

Açılış mərasimində bildirildi ki, bu sərgi Azərbaycanın ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə açılıb. Tədbirdə çıxış edən “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışdı. Aida Mahmudova buna görə Fondun prezidenti Mehriban Əliyevaya və onun komandasına minnətdarlığını bildirərək dedi: “Biz bu tədbiri “Christie’s” ilə birlikdə təşkil etdiyimizə görə qürur duyuruq. Mənim fikrimcə, bu tədbir Azərbaycanın beynəlxalq incəsənət məkanında təmsil olunması baxımından mühüm səhifə açacaqdır. Azərbaycan xalqı zəngin mədəni irsə, həmçinin incəsənət əsərlərinə malikdir və biz bu reallığı təbliğ etmək niyyətindəyik. Buna görə də bu gün Bakıda belə bir möhtəşəm sərginin təşkilində səy və köməyini əsirgəməyən “Christie’s” hərrac evinə dərin təşəkkürümüzü bildiririk. “YARAT!” təşkilatı olaraq biz Azərbaycanın müasir incəsənət xadimləri ilə dünya incəsənət xadimləri arasında dialoqa töhfə verəcək mümkün qədər çox mədəniyyətlərarası əlaqələr qurmaq niyyətindəyik”.

 

Mərasimdə çıxış edən “Christie’s” hərrac evinin sədri Devid Linley paytaxt Bakıda belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu bildirmiş və bu gözəl hadisənin zəngin mədəniyyət ənənələri olan bir ölkədə reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etdi. Devid Linley qeyd etdi ki, gələn il “Christie’s”in Londonda keçirəcəyi beynəlxalq sərgidə müasir Azərbaycan incəsənət əsərlərini nümayiş etdirəcəkdir.

 

Sonra “Christie’s”in fəaliyyəti barədə videoçarx nümayiş etdirildi. Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan “Christie’s”in 250 illik tarixi vardır. Bu qurumun hazırda dünyanın 32 ölkəsində 53 ofisi və 10 satış salonu fəaliyyət göstərir.

 

Mərasim bir-birindən maraqlı musiqi proqramı ilə davam etdi.


FOTO

VİDEO