003.jpg
2 fevral 2005

Mehriban Əliyeva Buzovna qəsəbəsində yerləşən sanatoriya tipli 13 nömrəli internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 2-də Əzizbəyov rayonunun Buzovna qəsəbəsində yerləşən sanatoriya tipli 13 nömrəli internat məktəbinə getmiş, 330-a yaxın şagirdin oxuduğu, 56 müəllimin çalışdığı bu təhsil ocağının vəziyyəti, problemləri ilə tanış olmuşdur.

 

Direktor Nizaməddin Məmmədov və müəllimlər hörmətli qonağı səmimiyyətlə qarşılayaraq, uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Onlar 43 il fəaliyyət göstərən məktəbin əsaslı təmirinə kömək olunmasını xahiş etdilər.

 

Mehriban xanım dedi ki, Heydər Əliyev Fondu xüsusi proqram hazırlamışdır. Mən bütün internat məktəblərini gəzib tanış oluram və bütün problemləri birlikdə həll edəcəyik. Əlbəttə, heç bir fond bu işlərin öhdəsindən tək gələ bilməz. Təbii ki, dövlət strukturları, ictimaiyyət yardım göstərməlidir. Hər halda, buna ehtiyac var, çünki məktəblərin əksəriyyəti də belə vəziyyətdədir.

 

Fondun prezidenti dərs prosesini izlədi, müxtəlif siniflərdə oxuyan şagirdlərin bilik səviyyəsinə xüsusi diqqət yetirdi. Sonra istedadlı uşaqların rəsmlərindən ibarət sərgisi, yataqxana və yeməkxana ilə tanış oldu.

 

Məktəblə tanışlıqdan sonra Mehriban xanım Əzizbəyov Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin rəhbərlərindən müvafiq layihə və təkliflər hazırlanaraq təqdim olunmasını xahiş etdi.


FOTO

Paylaş: