2 fevral 2005

Mehriban Əliyeva Mərdəkan qəsəbəsində yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli internatda olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli proqramın birinci mərhələsi çərçivəsində fevralın 2-də paytaxtın Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli internatda olmuşdur. Uşaqlar və müəllimlər Mehriban xanımı və qızı Leylanı səmimiyyətlə qarşıladılar, gül dəstəsi təqdim etdilər.

 

Direktor Taleh Məmmədov məlumat verdi ki, 1984-cü ildən fəaliyyət göstərən internatda 176 uşağın təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan internata Norveç humanitar təşkilatının nümayəndələri də vaxtaşırı baş çəkirlər.

 

Mehriban xanım ayrı-ayrı otaqlara, idman salonuna baxdı, uşaqların istirahəti ilə maraqlandı. İngiltərənin Azərbaycana birgə yardım təşkilatının nümayəndələri ilə görüşüb söhbət edən YUNESKO-nun xoşməramlı səfirinə onların internat məktəblərində gördüyü işlər, birillik proqram çərçivəsində keçirdikləri tədbirlər və göstərdikləri yardımlar barədə məlumat verildi.

 

Fondun prezidenti yeməkxana və mətbəxlə də tanış oldu, buradakı avadanlığın yaxşı vəziyyətdə olmasından, uşaqlara verilən yeməyin keyfiyyətindən razı qaldığını bildirdi.