Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 3-də Sabunçu rayonunun Maştağa qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbinə getmişdir. Burada hörmətli qonağı ehtiramla qarşıladılar.
İki tədris korpusundan və bir yataqxana binasından ibarət məktəb Avropa Birliyinin Azərbaycana yardım proqramı çərçivəsində ayrılmış vəsait hesabına əsaslı təmir edilir. Məktəbin direktoru Zaur Quliyev bildirdi ki, 204 şagirdin oxuduğu və 60 pedaqoji işçinin çalışdığı məktəbdə təmir işləri bu ilin mayınadək tam başa çatdırılacaqdır. Lakin binaların qızdırılması və avadanlıqla təchizat sarıdan çətinliklər mövcuddur.
Fondun prezidenti tam təmir olunmuş birinci tədris korpusu ilə, yeməkxana, mətbəx, sinif otaqları ilə tanış oldu, bu təhsil ocağının avadanlıqla təchizinə kömək göstəriləcəyini vurğuladı.