1_edit.jpg
28 fevral 2005

Heydər Əliyev Fondunda “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramının reallaşdırılmasının gedişinə həsr edilmiş “dəyirmi masa” keçirilib

Heydər Əliyev Fondunda "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramının reallaşdırılmasının gedişinə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir. Görüşdə Bakıdakı uşaq evlərinin və internat məktəblərin rəhbərləri, əlaqədar nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

 

Tədbir başlanmazdan əvvəl iştirakçılara bu proqramın Bakıda həyata keçirilməsinin gedişi, Fondun prezidenti Mehriban Əliyevanın uşaq evlərinə və internat məktəblərə baş çəkməsi, burada uşaqlarla görüşləri, özünün bütün siyasi fəaliyyəti ərzində millətin gələcəyi olan uşaqların sağlamlığına daim diqqət yetirmiş ulu öndərimizin adını daşıyan Fondun rəhbərliyi tərəfindən onlara göstərilən qayğı və himayə barədə film nümayiş etdirildi.

 

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "dəyirmi masa"nın açılışında çıxış edərək dedi ki, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə - uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır. Fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində bi sahədə çox işlər görülmüşdür - uşaq evləri və internat məktəblərin şagirdləri arasında "Mən uşaqları sevirəm" mövzusunda rəsm müsabiqəsi keçirilmiş, Bilik günü ilə əlaqədar qaçqın-köçkün uşaqlarına məktəb ləvazimatı verilmiş, Fondun, Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkilatçılığı ilə "Diabetlə xəstələnmiş uşaqlara daha çox qayğı" layihəsi gerçəkləşdirilmiş, qaçqın-köçkün uşaqları, uşaq evləri və internat məktəblərinin şagirdləri üçün "Gülüstan" sarayında yeni il şənlikləri keçirilmiş, "Talassemiyasız həyat naminə" layihəsi yerinə yetirilmiş və bu layihə çərçivəsində ixtisaslaşdırılmış mərkəz, qan bankı yaradılmışdır.

 

Fondun prezidenti bildirdi ki, indiki "dəyirmi masa"nın keçirilməsindən məqsəd "Uşaq evləri və internat məktəblərin inkişafı" layihəsinin birinci mərhələsinə yekun vurmaq, bu proqramın perspektivinə dair yeni təklifləri müzakirə etməkdir. Birinci mərhələnin gedişində Bakının 25 uşaq evinə və internat məktəbinə baxış keçirilmiş, bu tədris ocaqlarındakı mövcud şərait öyrənilmişdir. Növbəti mərhələdə respublikanın qalan bölgələrindəki uşaq evləri və internat məktəblərdə monitorinq keçiriləcəkdir.

 

Proqramın əlaqələndiricisi İlqar Mustafayev birinci mərhələnin yekunları haqqında məruzə etdi. O, proqramın əsas cəhətlərindən danışaraq dedi ki, fəaliyyət proqramına təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Hazırda uşaq evləri və internat məktəblərin yetirmələri üçün Heydər Əliyev Fondu yanında resurs mərkəzi yaradılması istiqamətində işlər görülür. Proqram çərçivəsində ekoloji və sosial xarakterli tədbirlər, festivallar, sərgilər, konsert proqramları, bayram şənlikləri keçirilməsi, telefonla "Birbaşa xətt" açılması da nəzərdə tutulur.

 

Proqramın həyata keçirilməsinin gedişini daha geniş işıqlandırmaq üçün ən populyar KİV-lərdə xüsusi rubrikalar açılmış, televiziya və radio reklamları hazırlanmış, veb-sayt yaradılmışdır.

 

YUNİSEF-in Bakı nümayəndəliyinin başçısı Xanna Singer uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla bu beynəlxalq təşkilat arasında əməkdaşlıq yaratmağın zəruriliyini vurğuladı. O dedi ki, bu müəssisələrdə təhsil alan uşaqların problemlərinin həlli sahəsində Azərbaycanın nümunəsi başqa ölkələr üçün də faydalı olardı və bu, YUNİSEF rəhbərliyinin diqqətinə çatdırılacaqdır.

 

Bakıdakı uşaq evlərinin və internat məktəblərin rəhbərləri çıxışlarında mövcud problemlərdən söhbət açdılar, onların müəssisələrində əsaslı yenidənqurma işləri aparılmasının, köhnəlmiş santexnika avadanlığının və digər kommunikasiyaların dəyişdirilməsinin zəruriliyini qeyd etdilər. Məzunların mənzillə təmin olunması və işə düzəldilməsi ilə bağlı məsələlər həlli təxirəsalınmaz mühüm vəzifələr kimi göstərildi.

 

Həmçinin bildirildi ki, proqram çərçivəsində "İnfotek" ictimai birliyi zəif görən uşaqlar üçün bir sıra məktəbləri Brayl əlifbası olan monitorlu kompüterlə təmin etməyi, habelə dərslikləri, bədii ədəbiyyat əsərlərini Azərbaycan dilində səsləndirmək üçün kompüter proqramları yaradılmasını planlaşdırır.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "dəyirmi masa"ya yekun vuraraq dedi ki, proqram həyata keçirilərkən başlıca diqqəti məktəblərdə ev şəraitinə maksimum yaxın olan mühit yaradılmasına yönəltmək lazımdır. Bununla əlaqədar hazırda 9 məktəbdə əsaslı təmir işləri, rahatlığı yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür. Fondun başçısı Azərbaycanın bütün dövlət strukturlarını, vətəndaşlarını ailə ocağının istisindən məhrum olunmuş uşaqların taleyini yüngülləşdirmək işində fəal iştirak etməyə çağırdı.


FOTO